Xaricə ən çox satdıqlarımız: Pomidor, qızıl, fındıq, xurma...

2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon dollar təşkil edib. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çox olub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2017-ci il ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib. Belə ki, ötən il ərzində Rusiyaya 553 milyon, Türkiyəyə 292 milyon, İsveçrəyə 143 milyon, Gürcüstana 138 milyon və İtaliyaya 56 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinci olub (151,6 milyon dollar). Bu siyahıda ikinci yeri qızıl (125,4 milyon dollar), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (114,5 milyon dollar) tutub. Ümumiyyətlə, ötən il ərzində meyvə-tərəvəz ixracı 503 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 118 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 101 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 83 milyon, kimya sənayesi məhsullarının ixracı 80 milyon, pambığın ixracı 52 milyon, elektrik enerjisinin ixracı 51 milyon, şəkərin ixracı 39 milyon, çayın ixracı 10 milyon dollar təşkil edib. Qeyd edək ki, 2016-cı illə müqayisədə 2017-ci ildə pambığın ixracı 2,1 dəfə, elektrik enerjisinin ixracı 80 faiz, tütün və tütünün sənaye əvəzedicilərinin ixracı 72 faiz, çayın ixracı 66 faiz, kimya sənayesi məhsullarının ixracı 42 faiz, meyvə-tərəvəzin ixracı 35 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 20 faiz, spirtli və spirtsiz içkilərin ixracı 17 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 2 faiz artıb. Ötən ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə 457 subyekt tərəfindən 151,7 milyon dollar dəyərində ixrac əməliyyatları həyata keçirilib. Dekabr ayı üzrə ixrac olunan əsas mallar xurma, tomat (pomidor), qabığı təmizlənmiş meşə fındığı, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda), alma, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar, mis və sink əsaslı ərintilərdən çubuqlar, misdən digər yivli məmulatlar və s. olub. Dekabr ayında xurmanın ixracının dəyəri 20,9 milyon dollar, pomidorun ixracının dəyəri 11,4 milyon dollar və qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 9,9 milyon dollar təşkil edib. Ümumiyyətlə, 2017-ci ildə 2016-cı illə müqayisədə pomidor ixracı 61 faiz, xurma ixracı 32 faiz, fındıq ləpəsinin ixracı 9 faiz, almanın ixracı 30 faiz artıb. Ötən ilin dekabr ayında qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və İtaliya təmsil olunub. Yekunda qeyd edək ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycandan ixrac olunun malların çeşidi də 9 faiz çoxalıb. İxracın coğrafiyası isə 114 ölkəni əhatə edib.

DİGƏR XƏBƏRLƏR

Top