Valideynlərin dişlərindəki çürük uşaqlara keçir - Doğru bildiyimiz 8 yanlış

"Uşağım şəkər, şokolad yemir, dişləri çürüməz", "Süd dişləri onsuz da töküləcək, müalicəsinə ehtiyac yoxdur", "Dişimdəki çürüklər uşağıma keçməz, onu istədiyim qədər öpə bilərəm". Təəssüf ki, valideynlərin çoxu belə düşünürlər və bu da sonradan problemlərə səbəb olur. "Yeniavaz.com" saytı Türkiyə KİV-nə istinadən uşaqların diş sağlamlığı ilə bağlı valideynlərin doğru bildikləri 8 yanlışı təqdim edir.

Yanlış 1. Süd dişləri töküləcəyi üçün müalicəsinə ehtiyac yoxdur.

Doğru olan: süd dişləri çeynəmə, danışma və estetik funksiyaları ilə yanaşı, töküləcəkləri zamanadək öz yerlərini yeni çıxacaq dişlər üçün bir növ qorumuş olurlar. Müalicə olunmayan süd dişləri vaxtından əvvəl töküldükdə yeni dişlərin çıxmasında problem yarana bilir və qarışıqlıq olur.

Erkən tökülən süd dişləri səbəbindən uşaqlarda qidalanma və danışma pozuqluğu meydana gələ bilir. Süd dişlərindəki çürümə, ağrı, şişkinlik uşağın gündəlik həyatına mənfi təsirini göstərir və məktəb həyatına da sirayət edir.

Yanlış 2. Uşağım şəkər, şokolad yemir, dişləri çürüməz.

Doğru olan: gündəlik həyatımızda istehlak etdiyimiz çörək və makaron kimi qidalar diş səthinə yapışır. Bu isə dişlərdə çürüklərin inkişafına şərait yaradır. Uşağınız şəkərdən uzaq olsa belə, dişinin çürümə riski aradan qalxmır.

Yanlış 3. Uşağın süd dişləri hələ tam çıxmayıb, fırçalamaq lazım deyil.

Doğru olan: uşaqlarda süd dişlərinin hamısı çıxmasa belə, diş çürükləri meydana gələ bilər. Həm ana, həm də heyvan südünün tərkibində şəkər var. Yuxu əsnasında ağızda tüpürcək axınının azalması ilə birlikdə, gecələr verilən süd ağızda yığılaraq bakteriyaların çoxalması və diş çürüyü meydana gəlməsi üçün şərait yaradır. Odur ki, lap erkən yaşlarından etibarən uyğun diş fırçası ilə uşaqların dişlərinin təmizlənməsinə çalışılmalıdır.

Yanlış 4. Laxlayan süd dişinə toxunsaq, yerində çıxacaq diş əyri bitər.

Doğru olan: uşaqlarda ortalama 6 yaş ətrafında süd dişləri düşür və yerində yeniləri çıxmağa başlayır. Bu mərhələdə uşaqlara laxlamağa başlayan dişlərinin düşməsi üçün barmaqları və dili ilə oynatmalarını, yaxud alma, xiyar kimi sərt qidaları dişləmələrinin vacibliyini başa salmaq lazımdır. Bu, ziyansızdır. Bəzən süd dişi hələ düşmədən, qalıcı diş onun arxasından çıxmağa başlayır. Bu vəziyyətdə, əgər süd dişləri özü düşmürsə, diş həkimi tərəfindən çıxarılmalıdır.

Yanlış 5. Uşaqlar ilk diş müayinəsinə dişləri ağrıydıqdan sonra aparılmalıdır.

Doğru olan: Amerikan Pediatriya Stomotologiya Akademiyası (AAPD) tərəfindən ilk diş müayinəsinin ən gec 1 yaşından etibarən edilməsi təklif olunur. Beləcə, körpənin diş inkişafı yaxından təqib edilə bilir və valideynlərin qidalanma ilə ağız gigiyenası mövzusunda məlumatlandırılması təmin olunur.

Yanlış 6. Süd dişi müalicə edilsə, yerində çıxacaq dişə zərər verir.

Doğru olan: süd dişinin müalicə edilərək ağızda qalması həm çeynəmə funksiyasının yaxşılaşması, həm də yerində çıxacaq qalıcı dişin yerinin qorunması baxımından əhəmiyyətlidir. Süd dişlərində yaranan bir çürük daha sürətli şəkildə sinirlərin olduğu bölgəyə çata və ağrı, şişkinlik kimi problemlər yarada bilir. Ona görə də bu dişi plomblatmada problem yoxdur. Çünki sümüyün içində inkişaf etməkdə olan qalıcı diş ilə süd dişinin kökləri arasında hər hansı bir əlaqə mövcud deyil.

shutterstock_257353309.jpg

Yanlış 7: Diş çürüməsi yoluxucu deyil.

Doğru olan: diş çürüməsinə səbəb olan mikroorqanizmlər tüpürcəklə ötürülə bilir. Ana-ata tərəfindən körpənin dodağından öpülməsi, ya da öz istifadə etdikləri çəngəl və qaşıqlarla uşağı yedizdirmələri onların da dişlərinin çürüməsinə səbəb olur. Bəzi valideynlər körpələri yedizdirərkən verilən çəngəl, qaşıq, əmzik kimi materialları isitmək üçün və ya çirklənən zaman təmizləmək üçün öz ağızlarına soxub, daha sonra uşağa verirlər ki, bunun da nəticəsində çürük bakteriyaları körpəyə keçir.

Yanlış 8: Uşaqların diş ipi istifadə etmələrinə ehtiyac yoxdur.

Doğru olan: süd dişlərinin strukturu qida yığılması üçün münbitdir. Bu cür yığıntılar tədricən dişlərin çürüməsinə səbəb olur. Odur ki, ehtiyac olduğu təqdirdə uşaqların da valideynlərin köməyi ilə gündə 1 dəfə diş ipindən istifadə etmələrində fayda var.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top