Taxıl istehsalı azalıb, kartof istehsalı artıb

Bu il payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 941,5 min hektar əkin sahəsindən 2 milyon 693,2 min ton və ya 2016-cı illə müqayisədə 5,2 faiz az məhsul götürülüb.

"Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, orta hesabla hər hektardan əldə edilən məhsul 28,6 sentner təşkil edib. Bundan əlavə 35,7 min hektar dən üçün qarğıdalının əkin sahəsindən 235,6 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 60,9 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2 milyon 928,8 min ton olub.

Dənli və dənli paxlalıların tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. İstehsal olunan taxıl məhsulunun 62,1 faizini (1 milyon 818,7 min ton) buğda, 27,8 faizini (815 min ton) arpa, 8 faizini (235,6 min ton) qarğıdalı, 0,6 faizini (16,2 min ton) çəltik, 1,1 faizini (32 min ton) paxlalılar, 0,4 faizini (11,3 min ton) isə digər dənli və dənli paxlalı bitkilər təşkil edib.

2017-ci ildə 913,9 min ton və ya əvvəlki ilə nisbətən 1,3 faiz çox kartof, 1405,6 min ton (10,6 faiz çox) tərəvəz, 438,1 min ton (5,7 faiz az) bostan məhsulları toplanıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 10 sentner, bostan məhsulları üzrə 11 sentner artıb və uyğun olaraq 150 və 187 sentner olub, tərəvəz üzrə isə 2 sentner azalaraq 157 sentner olub.

2017-ci ildə 15,2 min hektar sahədə dən üçün günəbaxan, 13,8 min hektar sahədə şəkər çuğunduru, 3,2 min hektar sahədə tütün və 136,4 min hektar sahədə pambıq əkilib. Yanvar-dekabr aylarında həmin sahələrdən 30,6 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 78,1 faiz çox dən üçün günəbaxan, 422,2 min ton (22 faiz çox) şəkər çuğunduru, 5213,2 ton (45,4 faiz çox) tütün yarpağı, 207,5 min ton (2,3 dəfə çox) pambıq yığılıb.

Meyvə və giləmeyvə istehsalı 2017-ci ildə 8,2 faiz artaraq 954,8 min ton təşkil edib. İl ərzində əlavə olaraq 10942 hektarda fındıq, 971 hektarda nar, 471 hektarda xurma, 681 hektarda sitrus meyvə bağları salınıb, bu məhsullar üzrə istehsal müvafiq olaraq 45,5 (32,9 faiz çox), 156,8 (8 faiz çox), 147,2 (3 faiz çox) və 42,8 (8,4 faiz az) min ton olub.

2017-ci ildə 152,8 min ton (12 faiz çox) üzüm, 775,2 ton (23,7 faiz az) yaşıl çay yarpağı yığılıb.

2017-ci ildə 540,5 min ton, yaxud əvvəlki ilə nisbətən 3,2 faiz çox diri çəkidə ət, 2 milyon 24,1 min ton (0,7 faiz çox) süd, 1 milyard 714 milyon ədəd (6,5 faiz çox) yumurta, 16 min ton (3,7 faiz az) yun, 245,2 ton (3,5 dəfə çox) barama istehsal olunub.

2017-ci ildə hər inək və camışdan orta hesabla 1528 kiloqram süd sağılıb (2016-cı ildə 1513 kq).

İlkin məlumatlara görə 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 8465,6 min baş qoyun və keçi, 2679,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1289,8 min baş inək və camışlar mövcud olub. Qaramal naxırının 48,1 faizini inək və camışlar təşkil edir.

Ötən il quşçuluq fabriklərində diri çəkidə 81,3 min ton quş əti və 762,7 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 12343,2 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 177 ədəd yumurta alınıb.

DİGƏR XƏBƏRLƏR

Top