"Yazdılar ki, Mikayıl Cabbarov tapşırıq verib, amma..." - "Binə"dəki satıcılar

Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra saytlarda və sosial şəbəkələrdə ""Binə" və "Sədərək"də çalışan sahibkarlara şad xəbər" adı altında məlumatlar yayılmışdı.

"Yeniavaz.com" xəbər verir ki, məlumatlarda iddia olunurdu ki, yeni nazir sözügedən ticarət mərkəzlərində çalışan sahibkarları narahat edən, onlara qarşı şişirdilmiş vergi yükünü yüngülləşdirəcək təkliflər irəli sürüb. Sözügedən məlumatlarda yeni nazirin sahibkarlara "yaşıl işıq" yandıracağı əminliklə vurğulanırdı.

"Binə" və "Sədərək" yarmarkalarında ticarətlə məşğul olan sahibkarlar vergi ödəyirdilər, amma dövlətə deyil, bu obyektlərin sahiblərinə. Ticarət obyektlərində yerləri sahibkarlara icarəyə verən "Binə" və "Sədərək"in rəhbərləri isə onlardan topladıqları böyük pulların müqabilində dövlətə daha az vəsait ödəyirdilər. Qanunvericiliyə görə isə sahibkar icarə haqqı ilə yanaşı, kassa aparatına çek vurmalı və gəlirlərindən vergini özü dövlətə ödəməlidir.

"Binə" və "Sədərk" ticarət mərkəzlərindəki obyektlərdə indiyədək 8000 ədəd kassa aparatı quraşdırılıb. Vergilər Nazirliyinin "Binə" və "Sədərək"lə əlaqədar başlatdığı bu iş sözügedən obyektlərin rəhbərlərinin qeyri-qanuni əməllərinə zərbə, orada ticarətlə məşğul olan orta və xırda sahibkarlara isə dəstək olacaq. Belə ki, icarəyə verilmiş mağazaları işlədənlərin bundan sonra gəlirlərdən vergiləri artıq "Binə" və "Sədərək"in rəhbərlərinə deyil, birbaşa dövlətə ödəyəcəyi bildirilir. Bu ödənişlərin həm də əvvəlkindən daha az olacağı qeyd edilir",-deyə xəbərlərdə bildirilirdi.

Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra "Binə" və "Sədərək"də çalışan sahibkarlara hər hansı güzəştin olub-olmaması, ümumiyyətlə, yayılan məlumatların nə dərəcədə əsaslı olduğunu öyrənmək məqsədi ilə sahibkarların özləri ilə həmsöhbət olduq.

Sahibkar İ. S. hər hansı dəyişikliyin olmadığını, bəzi səbəblərdən əksinə, vəziyyətin daha da pisləşdiyini bildirdi. Onun sözlərinə görə, Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad ediləndən sonra "Binə"də çalışan sahibkarlar da vəziyyətin yaxşılaşacağına, müəyyən güzəştlər ediləcəyinə ümid ediblər: "Sahibkarlar öz aralarında bu barədə danışır, vəziyyətin yaxşılacağını bildirirdilər. İlin bu dövründə bildiyiniz kimi, alış-veriş də zəifləyir. Düşünürdük ki, vəziyyət düzələcək. Saytlarda məlumat yayılmasından bizim də xəbərimiz var".

Sahibkarına dediyinə görə, gözlədiklərinin əksinə olaraq, gömrükdə rüsumlarla bağlı edilən dəyişiklik onlara zərbə olub: "Biz malı ölkəyə karqo yolu ilə gətiririk. Karqo şirkəti ilə danışırıq, ödənişimizi edirik, onlar da malı Azərbaycana gətirirlər. Əvvəl gətirilən malın həcminin hərkubmetrinə görə karqo şirkətinə 500 dollar verirdik. Lakin gömrükdə edilən dəyişikliklə əlaqədar karqo şirkəti bizdən 500 dollar yox, 550, 580 dollar tələb edir. Bu isə ümumi mal hesabı götürəndə bizə çox böyük zərbə oldu. Alıcı qıtlığı yaşandığı bir mövsümdə qiymətləri biz də bahalaşdırmalıyıq ki, həmin pulu çıxaraq. Amma ticarət zəifdir, çətin vəziyyətimiz daha da çətinləşəcək".

Sahibkar Ə. A deyir ki, onlar bu məbləğdən əlavə hər ay 240 manat vergi, 55 manat isə Dövlət Sosial Müdafiə Fonduna ödəyirik: "Bundan başqa həm "Binə" Ticarət Mərkəzinə icarə haqqı, həm də obyektin sahibinə ödəniş edirik. Yəni biz nə qədər qazanırıq ki, hələ bu qədər ödəniş edək, özümüzə də nə isə qalsın. Yenə də ümid ən sonda ölür deyirlər, ümid edək ki, Mikayıl Cabbarov həqiqətən də sahibkarların xeyrinə olacaq dəyişikliklər edə biləcək. Gözləməkdən başqa əlimizdən nə gəlir ki?".

Sahibkarın sözlərinə görə, saytlarda yayılan məlumatların hələ ki, bir əsası yoxdur: "Yazdılar ki, sahibkarlara müjdə, hər şey yaxşı olacaq və s. Amma bu dəyişikliyi biz hələlik hiss etmirik".

DİGƏR XƏBƏRLƏR

Top