SOCAR və IBM birgə müəssisə təsis edib

SOCAR və IBM şirkətləri “Caspian Innovation Center” adlı birgə müəssisə yaratdıqlarını bəyan ediblər.

Yeniavaz.com SOCAR-dan açıqlanan məlumatlara istinadən bildirir ki, yeni analitika və təchizat mərkəzinin əsas məqsədi Azərbaycanda, Xəzər regionunda və digər ölkələrdə, ilk növbədə neft-qaz sənayesi üzrə, rəqabət qabiliyyətli informasiya texnologiyaları (İT), biznes transformasiyası və müvafiq məsləhət xidmətlərini həyata keçirməkdir. SOCAR-IBM birgə müəssisəsi SOCAR-a və regiondakı digər şirkətlərə rəqəmsal biznes transformasiyası və istehsalat effektivliyinin artırılması ilə bağlı xidmətlərini təklif edəcək. Nəzərdə tutulan transformasiya proqramı IBM-in qabaqcıl təcrübəyə əsaslanan proses və texnologiyalarını Azərbaycan və bütün regiona gətirəcək. Birgə müəssisə Azərbaycanda praktiki həllər və İT ilə əlaqədar analitika üçün baza yaradacaq, bununla da insan kapitalının inkişafına əlavə təkan verəcəkdir.

Bu strateji tərəfdaşlıq platforması SOCAR-ın sənaye təcrübəsi ilə IBM-in yüksək həcmli məlumatların hesablanması və rəqəmsal koqnitiv intellekt (özünütəlim) imkanlarını birləşdirməklə regionda çoxşaxəli sənaye həlləri və yeni səriştəliklərin yaranmasına mühüm töhfə verəcəkdir.

Nəzərdə tutulan tədbirlər nəticəsində SOCAR İT sahəsində proses və əməliyyatları daha çevik və effektli şəkildə idarə edəcək, istehsalat proseslərində daha çox məlumatların təhlilini daha yüksək sürətlə həyata keçirəcəkdir. Nəticədə, neft və qaz yataqlarında aparılan axtarış-kəşfiyyat işlərinin səmərəsi daha da yüksələcək, ətraf mühitə təsirin azaldılması üçün yeni imkanlar yaranacaqdır.

“SOCAR-IBM birgə müəssisənin yaradılması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəqəmsal transformasiyasını sürətləndirməyə kömək edəcək, eyni zamanda qlobal enerji sənayesinin inkişafına töhfə verəcəkdir”, - IBM-in qlobal bazarlar üzrə baş vitse-prezidenti Erik Klementi demişdir.

Əldə olunmuş razılığa əsasən, SOCAR-IBM birgə müəssisəsi biznes fəaliyyətlərin intensiv inkişaf etdiyi digər sahələri, o cümlədən yeni coğrafi məkanları və müştəriləri də əhatə edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top