Bir ildə içki və siqaretə 1,7 milyard manat xərcləmişik

2017-ci ildə pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki illə müqayisədə 2,5 artaraq 35,3 milyard manata bərabər olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət dövriyyəsinin 17,9 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2016-cı ilin göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,1 faiz üstələyib.

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi və ya 16 milyard 197,7 milyon manatı ərzaq məhsullarının, 4,8 faizi və ya 1 milyard 685,7 milyon manatı içkilər və tütün məmulatlarının, 17,8 faizi və ya 6 milyard 272,5 milyon manatı toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi və ya 2 milyard 118,1 milyon manatı elektrik malları və mebellərin, 5,5 faizi və ya 1 milyard 938,1 milyon manatı avtomobil yanacağının, 1,3 faizi və ya 461,7 milyon manatı əczaçılıq və tibbi malların, 0,7 faizi və ya 255,5 milyon manatı kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18 faizi və ya 6 milyard 338,8 milyon manatı isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2017-ci ildə istehlak məhsullarının 11,8 faizi ticarət müəssisələri, 55,5 faizi fərdi sahibkarlar tərəfindən, 32,7 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,9 faiz, fərdi sahibkarlar üzrə 2,1 faiz, bazar və yarmarkalar üzrə 0,3 faiz artıb.

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 301,9 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 40,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 153,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

DİGƏR XƏBƏRLƏR

Top