Həkimlərin dediyi ilə dərmanların içliyi uyğun gəlmir - "Tərəddüd içindəyik"

Bir çox insan həkim resepti əsasında aldıqları dərmanların içliyini oxumur. Yəni həkim reseptə necə yazıbsa, dərmanı elə də qəbul edir. Amma bəzən dərmanların içlik kağızlarını oxuduqda həkim reseptindən fərqli olduğunu görmək mümkün olur. Məsələn, həkim reseptdə xəstənin dərmanı yeməkdən sonra udmalı olduğunu yazır, dərmanın içlik kağızında isə onun yemək yeməmişdən əvvəl qəbul edilməli olduğu qeyd olunur. Bu vəziyyət isə xəstələri çaşbaş salır.

"Tərəddüd içindəyik"

Xüsusilə azyaşlı uşaqlarla bağlı bu böyük problemdir. Bugünlərdə paytaxt xəstəxanalarından birində övladını cərrah müayinəsinə aparan S. Abbasova da belə bir problemlə üzləşib. O, "Yeniavaz.com" saytına bildirib ki, müayinədən sonra həkim ona uşağında kalsium çatışmazlığı olduğunu deyib və resept yazıb: "Reseptə əsasən aptekə getdik və orada qeyd olunan dərmanı aldıq. Həkimin yazdığına görə, biz dərmanı uşağa yeməkdən sonra verməli idik. Lakin içlik kağızını oxuyanda təəccübləndik. Orada qeyd olunmuşdu ki, bu dərman uşağa yeməkdən əvvəl verilməlidir. Açığı, nə edəcəyimizi bilmədik və içlik kağızında yazılana riayət etdik. Buna baxmayaraq, tərəddüd içindəyik".

Məsələ ilə bağlı "Yeniavaz.com" saytına açıqlama verən Səhiyyə Nazirliyinin Dərmanların Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova bildirdi ki, onların həkim təyinatına şərh vermək səlahiyyəti yoxdur: "Bu məsələyə şərh vermək Dərmanların Analitik Ekspertizası Mərkəzinə aid deyil. Belə olduqda ilk növbədə həkimlərin özlərindən soruşmaq lazımdır".

"Hər bir dərmanın özünün farmokoloji göstəricisi var"

Esmira Ələkbərovanın sözlərinə görə, xarici firmaların istehsalı olan dərmanların içliyində necə yazılıbsa, Azərbaycan dilinə də o formada tərcümə edilir: "Tərcümə zamanı mahiyyətə xələl gətirən, dəyişən, insanları çaşdıra biləcək hər hansı əlavə edilmir. İçliyin orijinal variantında qayda nə göstərilibsə, ona əsasən də yazılır. Prosedur isə belədir: istehsalçı hansı dildə yazıbsa, Dərmanların Analitik Ekspertiza Mərkəzinə müvafiq qurum tərəfindən təqdim edilir və tərcümə olunur".

"Hər bir dərmanın özünün farmokoloji göstəricisi var, orada necə qeyd olunubsa, ona uyğun da Azərbaycan dilinə tərcümə edilir və sonra dərman vasitələri satışa çıxarılır. Həkim təyinat zamanı nə isə dəyişiklik edərsə, bunu onun özündən soruşmaq lazımdır",-deyə E. Ələkbərova vurğuladı.

"Həkim nə yazıbsa, odur"

"Baku Medical Plaza" Klinikasının endikrinologiya şöbəsinin müdiri, terapevt-endokrinoloq Hidayət Məmmədzadə isə "Yeniavaz.com" saytına açıqlamasında dedi ki, həkim necə məsləhət bilirsə, xəstə də dərmanı o formada qəbul etməlidir: "Dərmanın içərisindəki instruksiya önəmli deyil. Burada əsas müalicə həkiminin verdiyi təyinatdır. Elə dərman var ki, yeməkdən əvvəl qəbul edilməlidir, təyinatında elə yazılıb, içlik vərəqəsində də elədir. Amma ola bilər mən reseptə yazıram ki, xəstə onu yeməkdən sonra qəbul etsin. Bəzi xəstələrin mədəsində elə problemlər olur ki, həmin dərmanı yeməkdən əvvəl qəbul etsə, mədənin vəziyyəti daha da pisləşəcək. Bütün bunların hamısı müalicə həkiminin qərarıdır. Amma adətən içliklə həkimin təyinatı arasında elə bir fərq olmamalıdır. Dərmanın təlimatı var. Elə dərman var ki, yeməkdən qabaq, eləsi var yeməkarası, eləsi də var yeməkdən sonra qəbul olunmalıdır. Bu, Amerikada da belədir, Almaniyada da belədir, Azərbaycanda da belədir. Əksər hallarda içliklə həkimin reseptdə yazdığı uyğun gəlir".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top