İqtisadçı-ekspert: "İnkişaf görüntüsü yaradan 1-2 bank dövlət resurslarının hesabına ayaqdadırlar"

"Azərbaycan bankları ölkədə rəqabətli bank sektorunun, bank sektorunu ayaqda saxlayan rəqabətli və inkişafda olan real sektorun, bir də peşəkar bank menecmentinin yoxluğunun qurbanlarıdırlar". Yeniavaz.com xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. İqtisadçı qeyd edib ki, ayaqda olan, inkişaf görüntüsü yaradan 1-2 bank isə məhz dövlət resurslarının, bu bankların arxasında duran iqtisadi qrupların iqtisadiyyatda resurlar üzərində sahib olduqları hökmran gücün hesabına ayaqdadırlar. Rövşən Ağayev həmçinin dünən lisenziyası ləğv olunan "Dəmirbank"ın göstəricilərini qeyd edib. Ekspert qeyd edib ki, lisenziyası əlindən alınan "Dəmirbank" 2017-ci il 3-cü rübün yekunlarına əsasən aktivlərinin həcminə görə 31 bank arasında 15-ci, kredit portfelinə görə 12-ci, depozit portfelinə görə 20-ci yerdə qərarlaşıbmış: "9 ayın yekunlarına görə, bankın fəalliyyətində 20 milyon manatdan artıq zərər yaranıb, balans kapitalı minimum normativdən təxminən 2 dəfə az olub. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün 53 milyon manata yaxın ehtiyat yaradılıb ki, bu bankın hazırkı öhdəliklərinin 10%-dən bir az çoxdur.
Bu bankın fəaliyyətinə göz atanda maraqlı faktlar diqqət çəkdim. Təqdim etdiyi məlumatlardan aydın olur ki, "Dəmirbank" ölkənin ən uzunömürlü banklarından biridir - yaranma tarixi 6 oktyabr 1989-cu il, lisenziya alma tarixi 23 noyabr 1992-ci il göstərilir.
Rəqəmlərdən görsənir ki, devalvasiyaya qədər bank xeyli güclənibmiş. 2010-2015-ci illərdə bankın aktivlərinin həcmi 73% artaraq 589 milyona çatsa da, son 2 ildə 30%-ə yaxın azalmaqla 429 milyon manata enib.
Böyük neft pulları dövründə - bankın aktivlərinin qısa müddətdə az qala 2 dəfə genişləndiyi dövrdə bank əsasən istehlak kreditləşməsinə üstünlük verib. 2015-ci ilin yekunlarına görə, bankın 428 milyon manatlıq kredit portfelinin 63.3%-ni (270 milyon manat) istehlak kreditləri təşkil edib".

DİGƏR XƏBƏRLƏR

Top