Kompüter məhkəmədə yalanı ifşa edəcək

ABŞ mütəxəssisləri məhkəmədə müttəhimin yalanını onun sifəti və səsinə görə müəyyənləşdirən “DARE” adlı süni intellekt sistemi yaradıblar.

Sınaqlar proqramın bu vəzifənin öhdəsindən insandan daha yaxşı gəlməsini göstərib.

Belə ki, kompüter tərəfindən yalanın müəyyənləşdirmə göstəricisi 90 faiz təşkil edib. Proqramın “AAAI-18” süni intellekt konfransında nümayişi gözlənilir.

Müasir kompüter təlimi sistemləri yalanın müəyyənləşdirilməsi üçün böyük potensiala malikdirlər. Bu, əsasən onunla əlaqədardır ki, kompüter böyük məlumat kütləsində təlim keçir və bu, ona insanın diqqət yetirməyəcəyi kiçik detalları görməyə imkan verir. Bu səbəbdən Merilend Universiteti və Dartmund Kollecinin tədqiqatçıları xüsusi “DARE” alqoritm poliqrafını icad ediblər.

Məlumata görə, “DARE” proqramının əsasını bir neçə mövcud və əvvəlcədən öyrədilən təsnifçi və modellər təşkil edir. Alqoritmin məşqi üçün məhkəmə prosesinin səhnələşdirildiyi 121 videoçarxdan ibarət məlumat bazasından da istifadə olunub. Sistem üz ifadəsində, səs və danışıqda dəyişiklikləri izləyib.

Bildirilir ki, mütəxəssislər tərəfindən “DARE” sisteminin fəaliyyəti ona yalan və ya düz danışan aktyorların videosu göstərilməklə qiymətləndirilib. Çarpaz yoxlamalar zamanı alqoritmin maksimal dəqiqliyi 92 faizə bərabər olub (insanlarda bu göstərici 81 faiz təşkil edib). Maraqlıdır ki, əsas töhfəni məhz xarici əlamətlər, məsələn, qaşların çatılması və ya dodaqların şişirdilməsi verib. Təkcə üz ifadəsində dəyişikliyə istinad edən (digər kontekstlər nəzərə alınmadan) "DARE" sistemi yalanı 87 faiz göstərici ilə müəyyənləşdirə bilib.

Qeyd olunur ki, eyni məlumat bazasından istifadə olunmaqla oxşar proqram prototipi 2015-ci ildə yaradılıb. Proqram insan və kompüterin qarşılıqlı əlaqəsinə həsr edilən “International Conference on Multimodal Interaction” konfransında təqdim olunub. Testdən məlum olub ki, proqramın dəqiqliyi 75 faizə çatır. Lakin həm yeni, həm də əvvəlki işin müəllifləri eyni məhdudiyyəti – sistemlərin səhnələşdirilmiş məhkəmə proseslərinə əsaslanmalarını qeyd edirlər. Real həyatda müttəhimlər daha yaxşı yalan danışa bilərlər, çünki onların dəlilləri eksperimentdə iştirak edən insanın sübutlarından köklü şəkildə fərqlənir. Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top