“Qulp”un “Aşıq Yedigar”ı: “Elə bilirəm 10-cu sinifi təzə bitirmişəm”

18 dekabr ANS-in “Qulp” verilişinin təkrarolunmaz “Aşıq Yedigar” obrazını yaradan Yadigar Muradovun doğum günüdür. O, 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunan Yadigar Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktorudur. Doğum gününü necə keçirəcəyi barədə danışanYadigar Muradov əvvəlcə Akademik Milli Dram Teatrında Hüseyn Cavidin 135 illik yubileyində olacağını qeyd edib. “Bu gün 59 yaşım tamam olur.Yubileydən sonra evimə gələcəm. Ailəmlə, nəvələrimlə bir tikə çörək yeyib, qeyd edəcəyik. Özümü çox yaxşı hiss edirəm. Elə bilirəm cavan oğlanam, 10-cu sinifi təzə bitirmişəm. Sağlam insanam. Səhhətimdən heç bir şikayətim yoxdur. Son zamanlar az yeyib özümü 12 kiloqram arıqlatmışam. Yaxşıyam, maşallah olsun. Mənə baxan deməz ki, bunun 59 yaşı var. Kim baxır deyir elə bildik 49 yaşın var.Yaşımın üstünə yaş gəlməsi isə məni qətiyyən qorxutmur. “Durna qatarı” mahnısını oxuyuram:


Yaşımıza yaş gəlir,
Ömürdən günlər düşür.
Köçür durna qatarı,
O, baharda dönəcək.
Ötən günlər dönəydi
Durna qatarları tək.


Təbii ki istəsək də, istəməsək də qocalırıq. 60 yaş xeyli yaşamaq deməkdir. Amma mən bilmirəm heç 60 yaşa nə vaxt gəlib çatmışam. Bu gündən artıq keçirəm 60 yaşıma. Gələn ilə qalsam, yaxşı yubiley edəcəm”. Yadigar Muradov deyir ki, doğum gününü qeyd etmək üçün kiməsə dəvət göndərmir: “Ad günümə evdə hazırlıq gedir, bazarlıq edirik, yemək hazırlayırlar. Məni tanıyan sənət dostlarım, ailəvi dostlarım, qohumlarım, bacım, bacım uşaqları, qardaşım uşaqları ad günümü qeyd etmək istəyirsə, onlar birləşib gəlirlər. Məxsusi olaraq kimisə dəvət etmirəm ki, gəl bizə ad günü keçirək. Kim gəlirsə, yaxşıca yeyib-içirik. Ənənəvi olaraq uzun illərdir dostum, teatrımızın ansamblının bədii rəhbəri, tarzən, əməkdar mədəniyyət işçisi Nəsib Məhərrəmov gəlir. Başqa dostlarım da gəlirlər.Ad günümü təmtəraqla qeyd etmirəm. Dostlarım səhər zəng elədi ki, restoranda keçirək. 50 yaşımda, 55 yaşımda restoranda etmişdim. Dedim yubiley deyil, 60 yaşımda edəcəm”.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top