300 rusiyalı idmançı dopinqdən istifadədə şübhəli bilinir

Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiyanın karyerasını davam etdirən 300 idmançısını dopinqdən, yəni qadağan edilmiş preparatlardan istifadə etməkdə şübhəli bilir. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, onların adları beynəlxaıq idman federasiyalarına göndərilib. WADA bu barədə informasiyanı Moskva Antidopinq Laboratoriyasının məlumat bazasından əldə edib. Daha əvvəl həmin laboratoriyaya ABŞ-a qaçmış Qriqori Rodçenkov başçılıq edib. Güman edilir ki, siyahıda göstərilən idmançıların 2012-cu ilin aprelindən 2015-ci ilin oktyabrınadək dopinq nümunələri müsbət alınıb. Bununla belə, sonradan bütün 300 atletin nümunələri mənfiyə dəyişdirilib.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) dekabrın 5-də Rusiyanı Soçi-2014-cü il Olimpiadasında yol verdiyi dopinq pozuntularına görə 2018-ci il Olimpiadasında iştirakdan məhrum edib. Rusiya Olimpiya Komitəsi BOK-ın üzvləri siyahısından çıxarılıb və diskvalifikasiya edilib, Rusiya İdman Nazirliyinin bütün nümayəndələrinə Olimpiadada istənilən qisimdə iştirak etmək qadağan olunub. 2014-cü ildə idman naziri olmuş Rusiya Baş nazirinin müavini Vitali Mutko BOK tərəfindən ömürlük diskvalifikasiya edilib, o, gələcəkdə heç bir Olimpiadada iştirak edə bilməyəcək. Onun keçmiş müavini Yuri Naqornıx da eyni cəza alıb. Rusiyalı idmançılar gələn il Pxençxan Qış Olimpiya Oyunlarında yalnız neytral bayraq altında çıxış edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top