Ət, süd və yumurta istehsalı artıb

Dekabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,97 faizi, yaxud 940,5 min hektarı biçilib və həmin sahələrdən 2 milyon 691,5 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz az məhsul götürülüb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, orta hesabla hər hektardan əldə edilən məhsul 28,6 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanan 35,6 min hektar dən üçün qarğıdalı sahəsindən 226,3 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 63,6 sentner qarğıdalı dəni götürülüb.

Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2 milyon 917,8 min ton olub. 2017-ci il dekabr ayının 1-nə kimi tarlalardan 889,4 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz çox kartof, 1370,5 min ton (10,9 faiz çox) tərəvəz, 437,5 min ton (5,8 faiz az) bostan məhsulları, 923,7 min ton (5,4 faiz çox) meyvə və giləmeyvə, 145,8 min ton (8,4 faiz çox) üzüm, 772,2 ton (22,9 faiz az) yaşıl çay yarpağı, 408,2 min ton (44,0 faiz çox) şəkər çuğunduru, 194,5 min ton (2,5 dəfə çox) pambıq, 30 min ton (75,2 faiz çox) dən üçün günəbaxan, 5,1 min ton (41,1 faiz çox) tütün yığılıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 450,1 min ton, süd istehsalı 0,8 faiz artaraq 1847,1 min ton, yumurta istehsalı 6,4 faiz artaraq 1564,9 milyon ədəd, yun istehsalı isə 3,8 faiz azalaraq 15,9 min ton olub.

2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,2 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8 faiz, bitkiçilik məhsullarının istehsalı isə 5,9 faiz artıb.

Gələn ilin məhsulu üçün 1034,5 min hektar sahədə şum qaldırılmış, 864,6 min hektar sahəyə dən üçün taxıl, ondan 584,1 min hektar sahəyə buğda, 280,4 min hektar sahəyə isə arpa səpilib.

DİGƏR XƏBƏRLƏR

Top