Bu il yeni doğulan körpələrin 53 faizi oğlan, 47 faizi qız olub

Ölkə əhalisinin sayı ilin əvvəlindən 73 min 360 nəfər və ya 0,7 faiz artaraq 2017-ci il noyabr ayının 1-i vəziyyətinə 9 milyon 883 min 341 nəfərə çatıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 120 min 35 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 2134-ü əkiz, 42-si üçəm doğulub.

Cari ilin yanvar-oktyabr aylarında ölkədə 47 min 695 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top