Azərbaycanda işləyənlərin və işsizlərin sayı açıqlandı RƏSMİ MƏLUMAT

Bu il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 73,2 min nəfər olub, onlardan 4 milyon 821,8 min nəfərini məşğul əhali təşkil edib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, cari il noyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 517,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 878,1 min nəfər, qeyri-dövlət sektorunda isə 639,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,2 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 483,6 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,9 faizi emal sənayesində, 6,6 faizi tikintidə, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 2,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 21,8 faizi təhsil, 19,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıb.

2017-ci ilin yanvar-oktyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 152,7 saat təşkil edib.

2017-ci il dekabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,9 min nəfər olub, onların 36,8 faizini qadınlar təşkil edib. İşsizlik müavinətinin orta məbləği 288,5 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top