Bu il əhali kredit faizlərinə 881 milyon manat ödəyib

Bu ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 43 milyard 389,9 milyon manata çatıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4 min 459,1 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 84,8 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,9 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 39 milyard 692,4 milyon manatlıq vəsait qalıb.

2017-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 525,4 manat təşkil edib. Əmək haqqı neft sektorunda 3084,4 manat, qeyri-neft sektorunda 465,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 392 manat, özəl müəssisələrdə isə 711,5 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

DİGƏR XƏBƏRLƏR

Top