Ötən ay neft ixracında kəskin artım baş verib

Əvvəlki aylarda olduğu kimi 2017-ci ilin yanvar-noyabr aylarında da xarici ölkələrə ən çox xam neft ixrac olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 9 milyard 637,3 milyon dollar dəyərində 24,7 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 77,1%-ni təşkil edib. Qeyd edək ki, 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xam neftin ixracı dəyər ifadəsində 41,5% və ya 3,17 milyard dollar, miqdar ifadəsində isə 29,6% və ya 5,6 milyon ton artıb.

Məlumat üçün onu da bidirək ki, ötən ay xam neftin ixracında kəskin artım qeydə alınıb. Belə ki, təkcə bu ilin noyabr ayında xaricə 7,7 milyon ton xam neft satılıb ki, bu da əvvəlki ayla müqayisədə 45,8% çox olub. Yəni bu ilin ilk 11 ayında ixrac ounan xam neftin təxminən yarısı yanvar-oktyabr aylarında, digər yarısı isə noyabr ayında satılıb.

Xam neftdən sonra xarici ölkələrə ən təbii qaz satılıb. İxrac olunan təbii qazın dəyəri isə 1 milyard 156 milyon dollar təşkil edib. Təbii qazla bərabər xarici ölkələrə neft məhsulları da ixrac edilib ki, onu da dəyəri 291,2 milyon dollara bərabər olub.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir. 2017-ci ilin ilk 11 ayı ərzində xarici ölkələrə 452,7 milyon dollar dəyərində meyvə-tərəvəz, 108,8 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 88,1 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 73,5 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 39,1 milyon dollarlıq şəkər, 72,4 milyon dollarlıq kimya sinayesi məhsulları, 41,2 milyon dollarlıq elektrik enerjisi, 14,8 milyon dollarlıq pambıq iplik satılıb.

Onu da qeyd edək ki, bu il pampıq ipliklə bərabər pambıq lifi də əsas ixrac məhsulları arasına daxil olub. Bu ilin ilk 11 ayı ərzində xarici ölkələrə 28,4 milyon dollar dəyərində pambıq lifi ixrac edilib.

DİGƏR XƏBƏRLƏR

Top