Lənkəranda “Çay, çəltik və sitrus meyvələri” festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə Lənkəran şəhərində “Çay, çəltik və sitrus meyvələri” festivalı keçiriləcək. Bu barədə Lənkəran Şəhər İcra Hakimiyyətindən (ŞİH) məlumat verilib. Bildirilib ki, Lənkəran ŞİH-in təşkilatçılığı ilə təşkil olunan festival dekabrın 19-da, saat 11:00-da şəhərin Heydər Əliyev xatirə parkında düzənlənəcək və əsil “Məhsul bolluğu” bayramı olacaq. Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bayram ab-havasında bəzədilən parkda “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Lənkəranın şirnisi – ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və s. adlı örtülü pavilyonlar quraşdırılacaq və bəzəkli vitrinlərdə Lənkəranda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı malları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək. Rayonun sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün yerli, təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət çay dəstgahı təşkil ediləcək. Bundan başqa, tədbir iştirakçılarına ən bacarıqlı və təcrübəli aşpazların hazırladığı yüksək keyfiyyətli yerli sortlardan olan haşimi, sədri, campo düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin ləziz təamlarından olan, ləvəngidən hazırlanan xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunacaq. Festivalda bədii özfəaliyyət kollektivlərinin rəngarəng, ədəbi-bədii kompozisiyaları ifa olunacaq, müsiqi nömrələri səsləndiriləcək, gənclərin iştirakı ilə əyləncəli proqramlar göstəriləcək. Festival respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.Report

DİGƏR XƏBƏRLƏR

Top