Xaricdən gətirilən ət, kərə yağı və süd nə qədər bahalanıb? RƏSMİ MƏLUMAT

Bu ilin yanvar-noyabr ayları ərzində ölkəyə 1 milyard 255,9 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 200,6 milyon dolları buğdanın, 116,1 milyonu meyvə-tərəvəzin, 160,7 milyon dolları şəkərin, 132,3 milyon dolları isə bitki və heyvan mənşəli piylər və yağların payına düşüb. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, həmçinin tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün bu ilin ilk 11 ayı ərzində müvafiq olaraq 141,5 və 228,3 milyon dollar ödənilib.

Onu da bildirək ki, bu ilin ilk 11 ayı ərzində xarici ölkələrdən Azərbaycana 37 min 211,2 ton ət, 7 min 735,2 ton süd, 12 min 467,6 ton kərə yağı gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 11 ayında idxal etdiyimiz kərə yağının miqdarı 7,4% və ya 997,5 ton azalıb, südün miqdarı 59,5% və 2 min 886 ton, ətin miqdarı isə 17,2% və ya 5 min 455,8 ton artıb. İdxal olunan bu məhsullar üçün ödənilən vəsait isə daha çox artıb.

Belə ki, 2016-cı ilin yanvar-noyabr aylarında 1 kiloqramı 1,1 dollar (1,9 manat) olan ətin gömrük dəyəri bu ilin ilk 11 ayında 1,54 dollara (2,62 manat) yüksəlib.

Bundan başqa ötən ilin ilk 11 ayında südün 1 kiloqramının gömrük dəyəri 1,47 dollar (2,5 manat) olduğu halda, bu ilin ilk 11 ayında 1,65 dollar (2,8 manat), kərə yağının 1 kiloqramının gömrük dəyəri isə 3,36 dollar (5,7 manat) olduğu halda, bu ilin ilk 11 ayında 4,7 dollar (7,9 manat) olub.

DİGƏR XƏBƏRLƏR

Top