Fədayə Laçın ev dustaqlığına buraxılmayıb​ - YENİLƏNİB

Nəsimi Rayon Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda iştirak edən F. Laçın vəsatətin təmin edilməsini xahiş edib. Bildirib ki, bir övladı var, heç vaxt istintaqdan gizlənməyib. İclasda qərar qəbul edilib. Qərara görə, vəsatət təmin edilməyib. Vəkil Türkel Süleymanlı deyib ki, qərardan şikayət verəcəklər: "Fədayə xanım heç vaxt istintaqdan gizlənməyib. Hepatit C xəstələyindən əziyyət çəkir. Qapalı yerdə qalmaq səhhətinə pis təsir edir. Biz qərardan şikayət verəcəyik. Əgər təmin edilməsə, onun müalicə müəssisəsinə köçürülməsini istəyəcəyik".

Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.APA

9:32***

“Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və kriminal aləmin üzvü olan Əli Ağamini konvoyun müşayiəti altından qaçırmağa kömək etməkdə ittiham olunaraq, həbs edilən müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edilib. Vəsatətə dekabrın 13-də Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bir qədər əvvəl mətbuata açıqlamasında demişdi ki, qətimkan tədbirinin dəyişdirilməsi mümkündür:

“Qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbirləri seçilə bilər. Cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Hazırkı şəraitdə Fədayə Laçın barəsində həbs-qətimkan tədbiri seçilib. Bu, ciddi qətimkan tədbiri hesab olunur. Qətimkan tədbirinin təsdiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti çərçivəsində onu ləğv edə bilər. Nəzərə alsaq ki, həbs-qətimkan tədbiri məhkəmə tərəfindən seçilib, onun ləğvi də yalnız məhkəmə qaydasında mümkündür. Qətimkan tədbirinin dəyişdirilməsi, yaxud zaminliyə verilməsi ilə bağlı qərar verilə bilər. Bu da yalnız məhkəmə qərarı ilə. Zaminliyə verilmə iki cür olur: şəxslərin zaminliyinə verilmə və təşkilatın zaminliyinə verilmə. İndiki halda Fədayə Laçın yalnız məhkəmə qərarı ilə şəxslərin zaminliyinə verilə bilər”.

Hüquqşünas bildirib ki, zamin durmaq istəyən şəxslər müvafiq qaydada cinayət işinə prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edə bilər:

“Bu halda prokuror tərəfindən də məhkəməyə müraciəti əsasında qətimkan tədbiri dəyişdirilə bilər. Yaxud vəkil məhkəmə qarşısında vəsatət qaldıra bilər. Amma hər şeydən əvvəl məhkəmə tərəfindən zaminliyin mümkünlüyü haqda qərar olmalıdır. Bütövlükdə Fədayə xanımın zaminliyə verilib-verilməməsi ilə bağlı məsələ həm cinayət işinin istintaqını aparan müstəntiq və həm də prokuror tərəfindən qaldırıla bilər. Bu baş verəcək, yoxsa yox, söyləmək çətindir. Qətimkan tədbirinin dəyişdirilməsi zamanı təqsirləndirilən şəxsə 2 nəfərdən 5 nəfərə qədər şəxs zamin dura bilər. Şəxsin gələcəkdə istintaqdan qaçıb gizlənmə ehtimalı və istəyi yoxdursa, qətimkan tədbirinin dəyişdirilməsi mümkün sayılır. Zaminliyə buraxılma zamanı şəxsin məhkumluğu ləğv edilmir, istintaq davam edir. Bunun üçün ibtidai istintaqı həyata keçirən subyektlərin fikirləri və rəyləri əsasdır. Amma məhkəmə bütövlükdə məsələyə baxıb qərar verə bilər. Nə qədər ki, Fədayə Laçın haqda həbs-qətimkan tədbiri seçilib, onun dəyişdirilməsi yalnız məhkəmə qaydasında mümkündür”.

Baş Prokurorluğun məlumatına görə, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.Ağami Şirvan şəhərində həbs edilib, “Qoca”nın saxlanılması üçün keçirilən əməliyyat zamanı o, müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib. Müsavat.com

DİGƏR XƏBƏRLƏR

Top