Qiymətlər artacağı üçün xaricdən avtomobil gətirənlərin sayı kəskin artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 9 min 828 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 min 8 ədəd və yaxud 2 dəfə çoxdur. Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 89 ədəd və yaxud 2,1 dəfə artaraq 169-a, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 4383 ədəd və yaxud 2 dəfə artaraq 8 min 577-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 551 ədəd yaxud 2,2 dəfə artaraq 1014-ə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 15 ədəd yaxud 18% azalaraq 68-ə bərabər olub.

Məlumat üçün qeyd edək ki, avtomobil idxalının kəskin artması əsasən bu ilin noyabr ayında qeydə alınıb. Əgər son 12 ay ərzində idxal olunan minik avtomobillərinin sayında 4283 ədəd artım olubsa, bunun 34,5%-i və yaxud 1479-u ötən ay ölkəyə gətirilib.

Noyabr ayında ölkəyə gətirilən avtomibillərin bu qədər kəskin şəkildə artmasında gələn ilin yanvarın 1-dən etibarən ölkəyə gətirilən minik avtomobillərinə tətbiq ediləcək gömrük rüsumlarının artırılması əsas səbəb olub. Bilditimiz kimi, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilən "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” barədə qərarına əsasən yanvarın 1-dən etibarən ölkəyə gətirilən avtomobillərin qiyməti istehsal ilinə görə 72-75% arasında bahalanacaq.

Qeyd edək ki, hazırda köhnə (istehsal tarixi 1 ildən çox olan) avtomobillər üçün mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollar (1,2 manat) gömrük rüsumu alınır. Gələn ildən etibarən isə bu rəqəm 1,20 dollar (2,1 manat) olacaq. Bu o deməkdir ki, hazırda ölkəyə gətirilən və mühərrikinin həcmi 2200 kubsantimetr olan avtomobillərdə 2618 manat rüsum alınırsa, gələn ildən etibarən 4488 manat olacaq. Rəqəmlərdən də göründüyü kimi istehsal tarixi 1 ildən çox olan və mühərrikinin həcmi 2200 kubsantimetr olan avtomobillərin qiymətində ən azı 1870 manat artım olacaq.

DİGƏR XƏBƏRLƏR

Top