Azərbaycan 20 ildir ÜTT üzv ola bilmir: yaxın 1-2 ildə də olmayacaq

"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü məsələsi hələ də aktualdır". Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib. Onun sözlərinə görə, təşkilata üzvlük prosesi bir neçə il uzana bilər: "İnanmıram ki, qarşıdakı 1-2 ildə bu məsələ həll olunsun".

Məlumuman üçün bildirək ki, Azərbaycan ÜTT-yə üzv olmaq üçün 23 iyun 1997-ci ildə bu təşkilata müraciət edib. 1997-ci ilin 16 iyul tarixində Azərbaycanın ÜTT-yə üzvülüyü ilə bağlı İşçi Qrupu təsis olunub. İşçi Qrupunun ilk iclası rəsmi müraciətdən 5 il sonra 2002-ci ilin 3-7 iyun tarixlərində baş tutub. Bugünə kimi Azərbaycanın ÜTT-yə üzvülüyü ilə bağlı İşçi Qrupu 13 dəfə bir araya gəlib. Sonuncu görüş ötən ilin iyul ayının 20-22-si tarixlərində keçirilib. Lakin, aparılan çoxsaylı müzakirələrə rəğmən ÜTT üzvlük məsələsi öz həllini tapmır. Qeyd edək ki, hazırda ÜTT ilə müzakirələr 5 sahə üzrə - tariflər, xidmətlər, kənd təsərrüfatı, sanitar və fitosanitar tədbirlər, standartlaşdırma və əqli mülkiyyət sahələrində aparılır.

Onu da qeyd edək ki, dünyanın əksər dövlətləri ÜTT-yə, bu qurumun təsis edildiyi 1995-ci ildən üzv qəbul olunub. Hazırda dünyanın 160 ölkəsi ÜTT-yə üzv, 24 ölkəsi isə bu təşkilatda müşahidəçi statusa malikdir. Region ölkələrindən Türkiyə 1995-ci, Gürcüstan 2000-ci, Ermənistan 2003-cü, Ukrayna 2008-ci, Rusiya isə 2012-ci ildə ÜTT-yə üzv qəbul olunublar. Hazırda Azərbaycanla bərabər region ölkələrindən Belarus, Qazaxıstan, İran və Özbəkistan da ÜTT-yə üzv olmayıblar.

DİGƏR XƏBƏRLƏR

Top