Mənzil bazarında qiymətlər RƏSMİ MƏLUMAT

2017-ci ilin yanvar-sentyabr ayları ərzində mənzil bazarında qiymətlər 2016-cı ilin müvafiq dövrünə nisbətən 1.4% artıb. Yeniavaz.com İqtisadiyyat Nazirliyindən verilən məlumatlara istinadən bildirir ki, ilkin mənzil bazarında qiymətlər 1,1%, təkrar mənzil bazarındakı qiymətlərdə isə 1.4% bahalaşıb.

Əmlak bazarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının məlumatlarına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ildə mənzil bazarında həm əmlak alqı-satqısının həcmində, həm də qiymətlərdə manatla ifadədə artım müşahidə olunub.

Nazirlikdən bildirirlər ki, daşınmaz əmlak bazarında baş verən artım müəyyən bankların fəaliyyətinin stabilləşməsi, “Azərbaycan İpoteka Fondu” ASC-tərəfindən ipoteka kreditlərinin ayrılma prosesinin təkmilləşdirilməsi ilə bağlıdır.

Təkrar yaşayış mənzil bazarında satışa təklif edilən yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti və 2016-cı ilin III rübü ilə müqayisədə faiz artımı aşağıdakı kimi olub:

 Ekonom sinif (45-70 kv.m.) - 780 $/кv.m ( 2,31%);
 Komfort sinif (70-100 kv.m.) – 1210$/кv.m (5,47%);
 Biznes sinif (100-170 kv.m.) - 1860$/кv.m (10,78%).

Kirayə mənzil bazarında son illər ərzində yaşayış sahələrinin kirayə haqqının dəyərində ümumilikdə azalmalar müşahidə edilsə də, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində qiymətlərdə 3,1% artım olub. Hazırda təkrar mənzil bazarında 2 otaqlı mənzillərin aylıq orta qiyməti təqribən 300-400 manat, yeni tikilmiş binalarda isə 500-600 manata təklif olunur.

Ümumiyyətlə, dünya mənzil bazarında da son 15 ildə kəskin artım müşahidə olunmaqdadır. 2017-ci ildə ən böyük qlobal daşınmaz əmlak bazarlarının Vyetnam, Almaniya, Hindistan və ABŞ olacağı, eləcə də şəhərlər arasında Barselona, Bangkok, Budapeşt, Los Angeles, Madrid, Manila, Mumbai, İstanbul, Xoşimin və Şanxayın da fəal inkişaf edəcəyi gözlənilir. Dolların möhkəmlənməsi fonunda kapitaldan əldə olunan gəlirin gözlənilən artımı səbəbindən yaxın gələcəkdə ABŞ-ın daşınmaz əmlak bazarının yeni investorlar üçün cəlbedici olacağı proqnozlaşdırılır. Belə olduğu halda, daşınmaz əmlak inflyasiya risklərindən sığortalanmaq üçün mühüm alətlərdən biri hesab edilir. Aktiv inkişaf etməkdə olan Asiya regionunda Hindistanı xüsusi qeyd etmək lazımdır: Belə ki, bu ölkənin iqtisadiyyatı dünya dövlətləri arasında ən yüksək inkişaf templərindən birinə malik olmaqla bir çox iri investorları cəlb etməkdədir. Bununla yanaşı, investisiya üçün yerli bazarın seçilməsi zamanı ev təsərrüfatlarının artımı, əhali arasında kreditlər üzrə borc öhdəliklərinin az olması, maliyyə bazarının gücləndirilməsi və faiz dərəcələrinin aşağı olması kimi amillər mühim rol oynayır.

Avropanın mənzil bazarlarına gəldikdə isə beynəlxalq ekspertlərin proqnozlarına əsasən qiymətlərin uzun müddət aşağı səviyyədə qalması ehtimalı yüksək qiymətləndirilir. Bu isə yalnız yeni beynəlxalq investorları deyil, həmçinin daha çox yerli alıcıların da aktivliyinə səbəb ola bilər. İş adamları üçün əlverişli olan qısa müddətli layihələr üzrə mənfəətin əldə edilməsi məqsədilə daşınmaz əmlakın təyinatının dəyişdirilərək yenidən qurulması (redevelopment) üçün Avropa ölkələrindən İspaniya və Almaniya daha cəlbedici hesab edilir. Belə ki, bu növ daşınmaz əmlakların təyinatını dəyişməklə təqribən 15%-dək mənfəət əldə etmək mümkündür.

Son illərin təhlillərinin nəticələrinə əsasən xarici investorlar üçün gələcək dövrlərdə də daşınmaz əmlakın kirayə verilməsi daha cəlbedici olacağı proqnozlaşdırılır. Belə ki, bu seqment üzrə Avropa və Şimali Amerika ölkələrində yerləşmə məkanından asılı olaraq mənfəət orta hesabla 32%-ə çata bilər. Buna misal olaraq, ABŞ-ın cənub-şərq və orta-qərb hissələrində yerləşən Atlanta, Tampa, Çikaqo və Pitsburq şəhərlərini göstərmək olar. Bununla yanaşı, məsələn Böyük Britaniyada daşınmaz əmlaka tətbiq edilən vergi ödəmələrinin və yığımlarının sərtləşdirilməsi, kirayə verilməsi məqsədilə alınan yaşayış sahəsinin əldə edilməsinə verilən kreditlər üzrə faiz dərəcələrinin yüksək olması, eləcə də ABŞ-da həyata keçirilən vergi islahatları xarici investorları narahat etməkdədir. Avropada mənzillərin orta aylıq kirayə haqqı Baltikyanı ölkələrdə 874 -1432 avro, Çexiyada - 1434 avro, Macarıstanda - 1319 avro, Almaniyada - 1440 avro, Türkiyədə - 920 avro olub.

DİGƏR XƏBƏRLƏR

Top