Sumqayıtda 6 min 500 manata "pitixana” satılıb

Bu gün 17 əmlak olmaqla 4 kiçik dövlət müəssisə və obyekti, 13 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Yeniavaz.com Əmlak Məsələləri Dövlət Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın müxtəlif rayonlarında, 1-i isə Sumqayıtda yerləşir. Bakı şəhərinin müxtəlif rayonları üzrə 12-i, Sumqayıt şəhəri üzrə isə 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilərək sahibini tapıb.

Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Nizami rayonunda yerləşən “Mebellərin təmiri emalatxanası” olub. Ümumi faydalı sahəsi 322.3 kv.m olan əmlak 90 min manata özəlləşdirilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan Sumqayıt şəhərində yerləşən “8 saylı pitixana” 6 min 500 manata özəlləşdirilib. Kiçik dövlət müəssisəsinin ümumi faydalı sahəsi 190.4 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 226 kv.m-dir.

Hərracın gedişatı zamanı paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi rəqabətli hərrac nəticəsində özəlləşdirilib. Belə ki, ilkin satış qiyməti 5 min 500 manat olan əmlak 11 min 700 manata özəlləşdirilərək sahibini tapıb. Rəqabətli şəkildə özəlləşdirilən digər obyekt də paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir. Qeyd olunan əmlak son olaraq 12 min 700 manata özəlləşdirilib.

Xatırladaq ki, komitə tərəfindən növbəti belə hərrac 19 dekabrda keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 68 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 24-ü kiçik dövlət müəssisə və obyekti, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 25-i səhmdar cəmiyyət, 11-i isə nəqliyyat vasitələridir.

DİGƏR XƏBƏRLƏR

Top