Yaxın 3 ay ərzində daşınmaz əmlak bazarında bahalaşma gözlənilir?

Adətən, ilin bu fəslində Rusiyadan ölkəmizə qayıdan soydaşlarımızın sayı artır. İmkanı olanların əksəriyyəti pulunu daşınmaz əmlaka yönəldir, bu isə qiymətlərə təsir göstərir.

Bu dövrdə mənzillərini satışa çıxaranların da sayının artdığını demək olar. Odur ki, yaxın 3 ay ərzində daşınmaz əmlak bazarında nələr olacağı hər kəsə maraqlıdır.

Məsələ ilə bağlı "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov "Yeniavaz.com" saytına açıqlama verib. Ekspert bildirib ki, bu ayın sonundan etibarən mənzil bazarında qiymətlərdə dəyişiklik gözlənilir: "Bu ilin əvvəlki aylarında daşınmaz əmlak bazarında qiymətlərdə əsasən azalma müşahidə olunurdu. Ancaq mən düşünürəm ki, bu ayın sonunda və gələn ayın əvvəllərində mənzillərin qiymətində bahalaşma olacaq. Bahalaşma təqribən 2-3 faiz ola bilər. Daha çox olacağını düşünmürəm. Əvvəlki illərin təcrübəsinə əsasən bu qənaətdəyəm".

Nüsrət İbrahimov onu da qeyd edib ki, bu il daşınmaz əmlak bazarında 2015 və 2016-cı illə müqayisədə bir qədər canlanma yaşanıb: "Bu prosesin davamı kimi bahalaşmanın olacağını düşünürəm. Lakin bu bahalaşma gələn il 3-4, maksimum isə 10 faiz ola bilər. Daha ciddi qiymət dəyişikliyinin olacağını demək olmaz. Ona görə ki, gələn il Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə inşa olunan mənzillər satışa çıxarılacaq ki, bu da mənzil bazarında qiymətlərə təsir göstərəcək əhəmiyyətli hadisədir. Düşünürəm ki, sosial mənzillərin qiyməti kifayət qədər münasib olduğu üçün daşınmaz əmlak bazarına müsbət mənada təsir göstərəcək.

Bundan əlavə, gələn il üçün nəzərdə tutulmuş ipoteka portfeli nəticəsində də əmlak bazarına ciddi təsirin olacağı gözlənilmir. Odur ki, bu amil də bazara, qiymətlərə ciddi təsir göstərməyəcək. Bütün bunları əsas gətirərək, gələn il üçün daşınmaz əmlak bazarında ciddi bahalaşmanın olmayacağını proqnozlaşdırmaq olar. Hər kəs - istər mənzil alanlar, istərsə də, satanlar öz işlərini rahat bir şəkildə görə bilərlər. Bəzən saytlarda və sosial şəbəkələrdə gələn il daşınmaz əmlak bazarında ciddi bahalaşma olacağı ilə bağlı xəbərlərə mən də rast gəlirəm. Amma bildirmək istərdim ki, bunların əsası yoxdur".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top