Baş nazir Əliyevlə görüşündən maraqlı foto paylaşdı

Bitkoin almaq istəyənlər, bu tövsiyyələri mütləq oxuyun

Şamaxıda vulkan püskürdü

çərşənbə axşamı, 16 yanvar 2018
TR EN RU

Menu

çərşənbə axşamı, 16 yanvar 2018
EN TR RU

İNCƏ SƏNƏT

Tahir İmanov: “Bilmirəm İlham Əliyev konsertlərimizə niyə gəlmir...”

10.12.2017 20:45

Artıq tarixə qovuşmuş “90-lar dövrü”nün ən parlaq və istedadlı azərbaycanlılarından biri Anar Məmmədxanov özünün əfsanəvi “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubu (ŞHK) komandası ilə ayrıca götürülmüş bir ölkədə mədəni inqilab etdi. Bəlkə də, bir ölkənin hüdudları ilə məhdudlaşmayan siyasi müstəvidə. Qeyri-adi yaradıcılığa və inanılmaz istedada malik Bakı ŞHK layihəsi bütün postsovet məkanında səs-küyə səbəb oldu, vaxt ötdükcə hamı üçün aktual və kəskin satiralı siyasi yumora transformasiya olundu və ölkənin problemlərini gülüş obyektinə çevirdi, sosial “xoralarımızı” mərdliklə səhnəyə gətirdi.

Onların yumoruna hamı gülürdü – adi vətəndaşlardan tutmuş, prezidentə qədər. ŞHK-yə baxmağa yüz minlərlə tamaşaçı toplaşırdı, əfsanəvi komandanın konsertləri televizor önünə milyonlarla insan yığırdı – bir ovuc nəhəng və istedadlı bakılılar siyasi və sosial həyatın əsas problemlərindən söhbət açırdı. Lakin böyük təəssüflə qeyd etməliyik ki, milli satira teatrı rolunu oynayan ŞHK darıxdırıcı və zəngin 2000-ci illərin lap əvvəlində mövcudluğuna son qoydu. Sanki bu hadisə yeni - dəmir-beton təki hissiyyatsız ümumi bədbinlik dövrünün qaranquşu oldu.

Yalnız kiçicik Azadlıq adası qaldı – Tahir və Cabir İmanov qardaşlarının teatrı. Tanrının yolları bilinməz – bir vaxtlar ən böyük hörmət-izzətə malik Bakı satira teatrının aktyorları siyasi senzuranın sərt təzyiqinə düçar oldular. Onları izləyir, televiziya verilişlərini bağlayır, onlara hər yolla mane olur və küncə sıxışdırırlar.

Bizim ŞHK ətrafında nələr baş verir? Nəyə görə bəzi məmurlar daha yaxşı işlərə sərf edə biləcəkləri enerjilərini əvfanəvi satira teatrının sıxışdırılmasına yönədiblər?

Bu barədə biz keçmiş parlaq Bakı ŞHK-nun ssenari müəlliflərindən biri Tahir İmanovla söhbət etdik.

- Siz əfsanəvi “Bakılı oğlanlar” komandasının əsasını qoyanlardan birisiniz. Bakı ŞHK, doğrudan da, tarixi bir hadisə, böyük sosial-mədəni sıçrayış idi və “90-lar nəsli”nin baxış və dünyagörüşünə xeyli dərəcədə təsir etmişdi. Bundan başqa, ŞHK həm də bizim mədəni irsimizdir.

İndiyə qədər də sizin unudulmaz çıxışlarınız sosial şəbəkələrdə tirajlanmaqdadır. İnsanlar doya-doya hər bir səhnəciyi, dialoqu, yaxud monoloqu izləyir. Bəs niyə ŞHK hərəkatı inkişaf etmədi? Nə baş verdi? Bunu nə ilə izah edə bilərsiniz? Doğrudanmı, buna rus dilinin və şəhər mədəniyyətinin sıxışdırılıb çıxarılması (bu iki məfhum Azərbaycanda bir-birinə sıx bağlıdır) səbəb oldu? Bəlkə səbəb kəndin şəhər üzərində qələbəsidir?

- İcazə verin, sizə məni Bakı ŞHK-nin əsasını qoyanlardan biri adlandırdığınız üçün minnətdarlığımı bildirim. Təəssüf ki, bu barədə son vaxtlar heç kim danışmır. Deyəsən, bizi Azərbaycan tarixindən silməyə çalışırlar və biz bunu yaşlı nəslin nümayəndələri ilə tez-tez müzakirə edirik. Ələlxüsus da, Mixail Solomonoviç Qusmanla.

Deməzdim ki, davamçılarımız yoxdur. Daha dəqiq desək, “keyfiyyətli davamçılarımız” yoxdur. Bəli, gözəl və istedadlı gənclərin toplaşdığı Bakı komandası var. Lakin bu komandanın öz Anar Məmmədxanovu yoxdur.

İkincisi, onların frontmeni yoxdur. Bizim komandada frontmen, yəni səhnədə bütün diqqəti öz üzərinə çəkən oyunçu Bəhram Bağırzadə idi. İndiki uşaqlar hamısı eyni cürdür – yaraşıqlıdırlar, yaxşı rəqs edib oxuyurlar... Lakin nə Məmmədxanov var, nə də Bağırzadə. Onlar hamısı bir-birinə oxşayırlar, yaradıcı fərdilik yoxdur. Nəzərə alın ki, bizim komandada hər bir iştirakçı fərdi xüsusiyyətləri, öz bacarığı ilə diqqəti cəlb edirdi və hər biri digərini tamamlayırdı.

Bundan başqa, “Bakılı oğlanlar” komandası ŞHK yaradıcılığına yenilik gətirdi. Uzaq 1991-ci ildə Mərkəzi teeviziyada ilk çıxış vaxtı biz öz “vizit kartı”mızla çıxış etdik.

Eyni zamanda, biz parlaq Rusiya komandaları - əsrarəngiz sovet tələbə intellektual elitasının nümayəndələri ilə sərt rəqabətə daxil olmuşduq. İndi heç Rusiyanın özündə də bu cür intellektual tələbələr yoxdur. Yekaterinburqun, MDU-nun, “Odessa centlmenləri”, Novosibirsk komandalarını xatırlayırsınızmı?.. Bunlar əsl ulduzlar idi və biz onlarla yarışırdıq. Bizim qələbələr barədə danışarkən, kimlərə qalib gəldiyimizi də demək lazımdır!

Bundan savayı, Anar Məmmədxanov və onun komandası hətta ən xırda şeylərə görə də Yuli Qusmanın timsalında yaşlı nəsillə məsləhətləşirdi.

- Allah rəhmət eləsin, Anar mənim dostum idi. Lakin bu mane olmurdu, heç indi də mənə mane olmur ki, tarixi irs barədə danışarkən biz komandanızla bağlı problemli məsələləri dilə gətirməyək. Bəzilərinin fikrincə, ŞHK-nın süqutu həddən artıq siyasiləşmə ilə əlaqədardır. Başqa sözlə, məhz komandanız bu siyasiləşmə ənənəsinin əsasını qoyub...

- Hər bir komanda nəsə yenilik etmək istəyirdi. Məsələn, əvvəllər ŞHK-da parodiya yox idi. İlk dəfə ŞHK səhnəsində parodiya ilə 80-ci illərin sonunda Donetsk komandası çıxış edib. Bəs münsiflər heyəti necə reaksiya verdi? Onlar əvvəlcə bildirdilər ki, “uşaqlar, bura ŞHK-dır, “Gülüş ətrafında” (Вокруг смеха) verilişi deyil! Nə parodiyabazlıqdır?” Lakin sonradan bu parodiyaları bütün komandalar etməyə başladı və onlar yüksək bal almağa, təriflənməyə başladılar.

ŞHK-nın siyasiləşməsi bizə qədər baş vermişdi. O vaxt sovet komandaları Qorbaçovun və Yeltsinin parodiyaları ilə çıxış edirdilər. Biz səhnədəki bu axını sadəcə davam etdirdik. A.Məmmədxanov və komandası Azərbaycan yumor və satirasına bir yenilik gətirdilər. Nə bizə qədər, nə də bizdən sonra səhnədə belə cəsarətli siyasi çıxışlar olmayıb.

Təsəvvür edirsinizmi, 1996-cı ildə gənc komanda Milli Məclisin parodiyası ilə çıxış edir və parlamentin deputatlarının əksəriyyətini gülüş obyektinə çevirir. Bu, bizim satira tariximizdə inqilab idi. Axı biz bunu dövlət başçısının və onun ailə üzvlərinin qarşısında edirdik. Və budur, Heydər Əliyev konsertdən sonra pərdə arxasına, bizim yanımıa gəldi...

- Bəs indi niyə prezident sizin konsertlərinizə gəlmir?

- Bilmirəm.

- Siz prezidenti dəvət etmisiniz?

- Əlbəttə. Necə dəvət etmişik? Prezidentə məktublar və dəvətnamələr göndərmişik. Belə başa düşürəm ki, həmin məktublar ona çatmır.

- Bəs axı nazirlər gəlir. Mən tez-tez tamaşaçılarınız arasında nazirləri görürəm.

- Bəli, nazirlər gəlir.

- Bəs əvvəllər ŞHK-nı sevən prezident daha gəlmir?

- Amma onun ailə üzvləri – prezidentin qızları Leyla xanım və Arzu xanım gəlirlər. Təəssüf ki, prezident konsertlərimizə gəlməyib. Bu halın nəyə səbəb olmasını, bizimlə necə acı zarafat etdiyini isə sizə hələ danışacağam.

Amma mən sizə Heydər Əliyevlə görüşümüz barədə danışmağa macal tapmadım.

- Bəli, sözünüzü kəsdim, çünki prezidentin konsertlərinizə gəlməməsinin səbəbini öyrənməyə tələsirdim...

- Hə, Anar Məmmədxanov hər bir siyasi zarafatla bağlı Y.Qusman və L.Vaynşteynlə məsləhətləşirdi. 60-ci illər nəslindən olan Bakı komandasının digər ŞHK üzvləri ilə də məsləhətləşmələr aparırdı. Amma indi yeni ŞHK komandası bizi yada salmır. Bizimlə məsləhətləşmirlər.

- Siz tez-tez bir nəfərin – Anar Məmmədxanovun adını çəkirsiniz. Deməli, “Bakılı oğlanlar” və 90-cı illərin ŞHK hərəkatı yalnız bir nəfərin istedadına və təşkilatı qabiliyyətlərinə bağlı idi? Məsələ yenə də tarixdə şəxsiyyətin roluna gedib çıxır...

- Siz bizim voleybol komandasının uğurlarını Faiq Qarayevsiz təsəvvür edə bilirsiniz? Hə, yeni ŞHK komandası bir dəfə də olsa bizimlə məsləhətləşmədi.

- Amma onların himayədarı Gənclər və İdman Nazirliyidir, deyilmi?

- Onlar qalib gələndə nazirlik bəyan edir ki, komandaya hamilik edir. Sərf etməyəndə isə məmurlar deyir ki, ŞHK-nın bizim sahəyə heç bir aidiyyəti yoxdur.

Məsələn, götürək, “DQR” komandasının Soçidə bizim komanda ilə bir səhnədə qalmaqallı çıxışını. Nazirlik bildirdi ki, buna heç bir aidiyyəti yoxdur və separatçıların komandasının çıxışına mane ola bilməz. Sonra onlar həmin komandanın çıxışını təkzib etməyə başladılar. Lakin bu yalandır. Həmin komanda Soçidə çıxış etdi bə elə bu gün də çıxışlarını davam etdirir. Nəyə görə? Çünki Maslyukov ilk gündən bildirib ki, ŞHK siyasətdən kənardır. Əgər Abxaziyanın “Nartı” komandası uğurla çıxış edərək ŞHK çempionu olubsa, Maslyukov digər separatçı regionun komandasının çxışlarını necə qadağan edə bilər?

- Qayıdaq ŞHK-nın siyasiləşməsi məsələsinə. Deyirsiniz ki, A.Məmmədxanov ssenarilərinizin siyasi mövzuları ilə bağlı tez-tez Qusman və Vaynşteynlə məsləhətləşirdi. Bəs o, yaxud sizin ssenari müəllifləri prezident administrasiyası ilə məsləhətləşirdilər?

- Xeyr, heç vaxt.

- Bəs İlham Əliyevlə məsləhətləşmisiniz? Hamıya məlumdur ki, 1990-cı illərdə sizin komandaya gələcək prezident himayədarlıq edirdi.

- Bəli, bu həqiqətdir. Lakin İ.Əliyev heç vaxt bizim yaradıcılıq işlərimizə qarışmırdı. İndiki kimi yadımdadır, A.Məmmədxanov bir dəfə İ.Əliyevdən ssenari üzrə məsləhət istədi, o isə buna sərt cavab verdi: “İndiyə qədər mənimlə məsləhətləşmisiniz?” O bizə işarə etdi ki, necə işləyirdinizsə, elə də işləyin. Bu əhvalatı indi komandadan olan uşaqlarla tez-tez xatırlayırıq.

Düşünürəm ki, elə məhz bu sərhədsiz azadlıq ona səbəb oldu ki, bəzi məmurlar bizi sevməməyə başladılar. Bizi heç kim yoxlamırdı, heç bir senzura yox idi!

Bununla birlikdə, ölkə rəhbərliyi bizdən əmin idi, axı biz yol verilənlə yolverilməz arasındakı incə sərhədi qoruyurduq, hiss edirdik. Biz heç vaxt insanların hisslərini təhqir etməmişik. Anar Məmmədxanovun bu məsələdə dəqiq mövqeyi var idi. Biz hətta müxalifəti də təhqir etmirdik!

İndi siz Heydır Əliyevin və İlham Əliyevin hakimiyyəti dövrlərində məmur sinfinin tənqidindən danışırsınız. Amma biz hakimiyyəti hələ bundan əvvəl tənqid etməyə başlamışdıq. 1993-cü ilin 8 Martında, Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirdə iştirak etmək üçün bizi Filarmoniyaya dəvət etmişdilər. Bütün yüksək rütbəli rəsmi şəxslər tamaşaçıların arasında idi. Son anda məlum oldu ki, hamı gözləsə də, Elçibəy gəlməyib. İndi bütün zarafatları yadıma sala bilmirəm, amma yaxşı yadımdadır – o vaxtkı hakimiyyətin siyasətini sərt tənqid etmişdik.

Xatırlayırsınızsa, 90-ların əvvəllərində “Seldom” şirkətinin məşhur reklam çarxı vardı və o, belə başlayırdı: “Biri vardı, biri yoxdu, bir “Seldom” şirkəti vardı və o, özünə reklam düzəltmək istədi. Özü də sadə reklam yox, çox sadə - bax, belə...” Biz də bu reklama parodiya düzəltmişdik: “Biri vardı, biri yoxdu, bir Azərbaycan Xalq Cəbhəsi vardı. O, özünə reklam düzəltmək istədi. Sadə reklam yox, çox sadə - bax, belə - İs-te-fa! İs-te-fa! İs-te-fa!” Zala ölüm sükutu çökmüşdü.

- İsa Qəmbər zalda idi?

- Onlar hamısı orda idi, çox gərgin idilər və bizə nəsə şübhəli kinlə tamaşa edirdilər. Sonra nə baş verdi? Zalda ziyalılar da var idi ki, onlar sonradan Heydər Əliyevi alqışlarla qarşılamışdılar. Lakin biz durub ziyalılarımızdan dəstək gözləyərkən heç kim yaxınlaşmadı. Nə bəstəkarlar, nə yazıçılar, nə də rəssamlar... Yaxınlaşan və bizə dəstək olan yalnız iki nəfər oldu – Çingiz Abdullayev və Ağabəy Sultanov.

Şəhərin baş psixiatrı Ağabəy Sultanov bizə dedi: “Uşaqlar, narahat olmayın. Əgər nəsə olsa, deyəcəyəm ki, mənim xəstələrimsiniz!”

AXC məmurlarından biri bizə yaxınlaşdı və Anara sərt şəkildə dedi: “Səhər saat 11:00-da yanımda ol. Belə olmaz!” Həmin məmur artıq mühacirətdədir. Mən bu senzura leksikonunun ifadəsini anlamamışam: “Belə olmaz!” Yaxşı, bəs necə olar? Biz indiyə qədər də həmin ifadəni eşidirik: “Belə olmaz!”

- Biz hələ dövrümüzün ən aktual “Belə olmaz!” sualına qayıdacağıq. Amma hələlik sizdən başqa bir şey barədə soruşmaq istəyirəm – komandanız niyə dağıldı?

- Bu sual mənə ünvanlanmamalıdır. A.Məmmədxanov gözlənilmədən komandanın buraxılması barədə qərar verdi. Axı son oyunumuzun ssenarisi vida ssenarisi deyildi. 2011-ci ilin 6, 7, 8, 9, 10 iyun tarixlərində həmin vida oyununun nümayişi keçirildi. Bu, bizim adi konsertimiz idi və məşhur “Məhəllə”, “Telepuziklər” səhnəcikləri vardı...

Vida ssenarisi bir az başqa cür olmalı idi, deyilmi? Məşqlərimiz Zuğulbadakı “Gənclik” mərkəzində keçirilirdi. Fürsətdən istifadə edərək, Əbülfəs Qarayevə ayrıca minnətdarlığımı bildirmək istəyirəm. Bütün fəaliyyətimiz boyunca o, bizə çox kömək edib və elə indi də kömək edir.

- Amma sizin məşqləriniz həm də Qusardakı “Qarabulaq” mərkəzində - polis qulyabanisi Hacı Məmmədovun yaxınlığında keçirilirdi, elə deyil?

- Bəli, tamamilə doğrudur. Qusarda biz 2000-ci ilin bütün ssenarisini yazmışdıq.

- Hacı Məmmədov məşqlərinizə tamaşa edirdi?

- (Uzun müddət gülür – E.F.) Bir neçə dəfə gəlmişdi. Lakin orada məşqlər olmurdu, müəllif toplantıları idi...

Deməli, müəllif işinin sonuna bir həftə qalmış gecə vaxtı A.Məmmədxanov mənə zəng edir. Müəlliflər arasında Vado Korovin, Cabir İmanov, Elçin Əzizov və başqaları vardı. Və Anar gözlənilmədən mənə deyir: “Bu konserti vida konserti etmək istəyirəm!” Uzun müddət mübahisə etdik, yalvardım ki, bunu etməsin. Hətta diz çökdüm! Gözümdən yaş gəlirdi... Bunu belə izah etdi ki, hamımız başqa səviyyəyə keçməliyik. Onun hansı səviyyədən danışdığını axıra qədər də anlamadım. Lakin bu, onun qəti qərarı idi. Mən bu qərarı dayandırmağa çalışdım, amma onu fikrindən döndərə bilmədim.

Onu inandırmağa çalışırdım: “Anar, bizi unudacaqlar! Heç kim çağırmayacaq!” O vaxt bizi bütün tədbirlərə dəvət edirdilər. Bu gün bizi heç bir yerə dəvət etmirlər!

Qardaşımla mənim o vaxt “Lider” telekanalında artıq öz “Bakılı oğlanlar” planeti” verilişimiz var idi. Biz yeni layihəyə yenicə başlamışdıq.

- Bəs niyə Bakıda satira teatrı yaratmadınız? Axı həmin teatr yəqin ki, böyük uğura imza ata bilərdi.

- Bunu ancaq mən təklif etmirdim. Bunu Yuli Qusman da təklif etmişdi.

- Niyə yaratmadınız?

- Mən necə yarada bilərdim? Necə? Gəlib deyəydim ki, teatr yaradıram? Bizim rəhbərimiz vardı – Anar Məmmədxanov. Həmin vaxt o, artıq böyük siyasətdə idi, başqa qayğılarla yaşayırdı. Deputat, müxtəlif komissiyaların üzvü idi, tez-tez xarici ölkələrə gedirdi... Xatırladığım qədər ilk belə səfərini sizinlə birlikdə etmişdi – planetin gənc liderlərinin qurultayına.

- Bəli, elədir. Biz 1995-ci ildə Hollandiyaya bu qurultaya yollanmışdıq.

- Onun artıq başqa istiqamətləri və vəzifələri vardı.

- Belə demək olarmı ki, ŞHK satira teatrına çevrildi? Sizin Cabir İmanovla və “Bakılı oğlanlar” komandasının digər məşhur iştirakçıları ilə layihəniz məhz teatrdır.

- Tamamilə doğrudur. Bu əsl satira teatrıdır.

- Amma mən deyə bilərəm ki, hazırda bu, Bakının ən poulyar teatrlarındandır.

- O, oxumuş, savadlı və ziyalı adamlar arasında populyardır.

- Razı deyiləm. Teatrınızı kütləvi tamaşaçı da sevir.

- Təəssüf ki, bu heç də belə deyil. “YouTube”a daxil olun və gənc nəsil yumoristlərin konsertlərinin baxış sayına diqqət yetirin. Üzr istəyirəm. amma mən onları öz həmkarım adlandıra bilmərəm. Fəqət onlar rekord vurur!

- Bir sözlə, xalq “Bozbaş”ı seçir?!

- Onları heç yada salmaq istəmirəm. Bunu mən demədim, həmin layihənin adını siz çəkdiniz.

- Daha dəqiq desək, bu layihə də deyil, bir trenddir. Gündən günə cılızlaşan tamaşaçının yeni zövqü.

- Mən onları “indiki yumoristlər” adlandırıram. “Space” telekanalında verilişimiz bağlananda bu TV-nin başçısı, hörmətli rejissor Vaqif Mustafayev bizə irad tutdu: “Siz indiki yumorla ayaqlaşmalısınız”. Təsəvvür edirsiniz? Onlara ŞHK-nın səviyyəsinə qalxın demədi. Bizə təklif etdi ki, bu yumorun səviyyəsinə enək! Lakin mənim tərbiyəm imkan vermədi ki, dahi rejissorumuza cavab qaytarım...

Virtualaz.org

Oxundu 1685

© 2018 - NSPSOLUTIONS