Azərbaycanın yeni baş naziri: "Bundan sonra başqa formada işləməyə başlayacağam"

Azərbaycan yeni baş naziri bəlli olub - FOTO

Bakıda xəstəxanada yanğın olub

şənbə, 21 aprel 2018
TR EN RU

Menu

şənbə, 21 aprel 2018
EN TR RU

HƏMSÖHBƏT

Azərbaycanda ailədə kişilərə qarşı zorakılıq halları varmı? - MÜSAHİBƏ

03.12.2017 16:12

Azərbaycanda qadın və uşaqların hüquqlarının qorunması və müdafiəsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin şöbə müdiri Taliyə İbrahimova “Ailəm” jurnalına müsahibə verib.

- Azərbaycanda qadın və uşaqların hüquqlarının qorunması hansı səviyyədədir?

- Ümumiyyətlə qadın və uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi olsada, bu sahədə müəyyən çətinliklər var. Dünyada bu məsələ həmişə aktual olub. Bunun təminatı ilə bağlı hər zaman dövlətlər və beynəlxaq təşkilatlar bu məsələyə xüsusi həssaslıqla yanaşırlar. Hətta beynəlxalq səviyyədə qadın və uşaq hüquqlarının qorunması ilə bağlı xüsusi təhsisatlar yaradılıb. BMT çərçivəsində uşaq hüquqlarının qorunması ilə bağlı uşaq fondu - UNİCEF yaradılıb. Eyni zamanda BMT Qadınları Təşkilatı var. Hansı ki, sırf qadın məsələləri ilə məşğul olur. BMT-nin əhali fondu bu sahədə böyük işlər görür. Yəni, məsələ həmişə aktualdır.

İkinci dünya müharibəsindən sonra bu istiqamətdə böyük işlər aparılmışdır. Müəyyən sənədlər qəbul edilmişdir, ən mühim sənədlər var ki, onların adlarını qeyd etmək istəyirəm. Hansılar ki, Azərbaycan bu sənədlərə qoşulub. Bu sənədlər və konvensiyalar üzrə ölkəmiz öhdəlik daşıyır. İlk növbədə BMT-nin qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının aradan qaldırılması üzrə konvensiyadır. Bu konvensiya 1979-cu ildə qəbul edilib. Buna SİDO konvensiyası da deyilir. SİDO konvensiyası elə bir sənəddir ki, əksər dövlətlər bu konvensiyaya qoşulub və üzvüdür. Konkret öhtəliklər daşıyırlar. Bunun icrası ilə bağlı hər 4 ildən bir BMT-yə lazımı hesabatlar verilir.

O cümlədən uşaq hüquqları sahəsində də Azərbaycan uşaq hüquqları haqqında BMT konvensiyasına qoşulub. Həmin konvensiya üzrə də biz eyni zamanda paralel olaraq hesabatlar veririk. Bu o deməkdir ki, beynəlxalq öhtəliklərdən irəli gələrək bu sahədə Azərbaycan lazımi tədbirlər görməlidir. Həmçinin ölkə daxilində bu vacib məsələ ilə bağlı dövlətin özünün siyasəti, siyasi iradəsi var. Hər il demək olar ki, bu sahədə müəyyən yeniliklərimiz olur.

1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Daha sonra həmin komitənin fəaliyyət dairəsi genişləndirildi və 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bu özü də onu göstərir ki, bu sahədə dövlətimizin marağı var. Dövlət mütəmadi olaraq qadın və uşaq hüquqlarının qorunması ilə bağlı işlər görür.

Eyni zamanda həssas qruplardan olan qadın və uşaqların hüquqlarının qorunması üçün də işlər görülür. Sosial müdafiə tədbirləri həyata keçirilir. Bunun üçün xüsusi qanunlar qəbul edilir.

Qanunvericilik sahəsində bununla bağlı xüsusi qanunlarımız var. Yəni, biri var ümumi qanunvericilikdə bu məsələ öz əksini tapsın, biri də var ki, sırf bu məsələ ilə bağlı xüsusi qanunlarımız var. “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanunu var, eyni zamanda uşaq hüquqları ilə bağlı qanun var.

Əgər soruşulursa ki, necə müdafiə olunur? Artıq həmin qanunvericilik aktlarının irəli gələrək tədbirlər görülür. “Gender bərabərliyinin təminatları haqqında” qanun birbaşa qadınların sosial həyatın bütün sahələrində kişilərlə bərabər iştirak hüququnun yaradılması nəzərdə tutulur. Həmin qanunda deyilir ki, dövlət gender bərabərliyinin təmin edilməsi sahəsində vəzifələr daşıyır. Eyni zamanda müxtəlif sahələr üzrə, məsələn, əmək hüququları sahəsində işə götürənlərin vəzifələri var. Təhsil sahəsində dövlət və özəl təhsil müəssisələrinin vəzifələri var. Qadınların həm də siyasi hüququları var ki, bunlar qorunur.

Əgər bu sahələrdə qadınların hüquqları pozularsa, qadınlar dəymiş zərərin ödənilməsi ilə bağlı birbaşa məhkəməyə müraciət etmə hüququna malikdi. Bu qanunun icrasına bugünkü gün bizim komitə nəzarət edir. İstənilən qadın əgər ona qarşı hər hansı ayrıseçkiliyə yol verilərsə, həm mərkəzi icra hakimiyyəti orqanına, həm də məhkəməyə müraciət edə bilər. Həmçinin komitə tərəfindən monitorinqlər aparılır.

Uşaq hüquqları haqqında qanundan irəli gələrək uşaqların həm cəmiyyətdə, həm ailə daxilində hüquqlarının qorunaması, burada valideynlərin üzərinə düşən vəzifələr aydın şəkildə göstərilir. Həmçinin dövlət uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edir. Bu barədə 2012-ci ildə Azərbaycan Respublikasının prezidentinin fərmanı var. Uşaq hüquqlarının həyata keçirilməsi üzrə dövlət qaydası təsdiq edilib. Həmin qaydalarda göstərilir ki, müxtəlif qurumalar – Təhsil, Səhiyyə, Daxili İşlər Nazirliyi, bizim komitə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra hakimiyyəti qəyyumluq himayə orqanları yetkinlik yaşına çatmayan uşaqlar üzrə komisiyalar uşaq hüquqlarını müdafiə edən orqanlardır. Bu qurumlar bu işlərə nəzarət edən qurumlardır. Bunların konkret olaraq vəzifəsi var. Əgər ailədə ilk növbədə uşaqların hüquqularının qorunması valideynin üzərinə düşürsə buna da dövlət tərəfindən nəzarət həyata keçirilir. Hətta valideynlərin öz vəzifələrini hansı səviyyədə yerinə yetirməsinə dövlət tərəfindən nəzarət edilir. Həssas qrupa aid olan uşaqlarla bağlı isə bildirilir ki, xüsusi qayğıya ühtiyacı olan uşaqlar dövlətin himayəsindədir. Bu uşaqlara birbaşa dövlət nəzarət edir.

- Bildiyiniz kimi psixoloji dəstək almaq maddi baxımdan asan deyil, təbii olaraq bir çox ailə bu dəstəkdən məhrum olur. Bunun üçün komitə hansı işləri görür?

- Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində rayonlarda 11 uşaq və ailələrə dəstək mərkəzləri var. Bu mərkəzlər İsmayıllı, Ağdam, Göygöl, Goranboy, Saatlı, Zərdab, Zaqatala, Qəbələ, Şüvəlan, Sabirabad və Hacıqabuldadır. Həmin rayonlarda psixoloji xidmət də göstərilir. Kifayət qədər insanlar müraciət edir, onlara lazimi dəstək göstərilir. Hətta hüquqi məsləhətlər də verilir. İnsanlar yaşadıqları rayon üzrə ərizə ilə müraciət edir və tamamilə ödənişsiz dəstək alır.

- Erkən nikahın qarşısının alınması ilə bağlı hansı işlər görülür?

- Vaxt var idi ki, ümumiyyətlə bu problemdən danışılmırdı. 2006-cı ildən komitə fəaliyyətə başlayandan sonra bu problem daha çox qabardıldı. Artıq hansı rayonlarda daha qabarıq formadadı, o da müəyyənləşdirildi. Bizim bütün resurslar həmin rayona yönləndirildi. Bu sahədə böyük işlər aparıldı. Məsələn, 2006-2010-cu illərdə cənub rayonlarında daha çox problemli zona kimi göstərilirdi. Hal-hazırda həmin ərazidə müşahidə edirik ki, erkən nikahların sayında azalma var. Həmin rayonlarda yerli icra hakimiyyəti orqanları tərəfindən bu məsələyə nəzarət gücləndirlib. Ən önəmli məsələ valideynlərin məlumatlandırılması və eyni zamanda yerli orqanların bu məsələyə nəzarəti gücləndirilməsi. Hal-hazırda aran rayonlarında bu problem daha çox hiss olunur. Hətta cənubu da keçib. Ona görə də bu gün həmin rayonlarda işlərimizi gücləndiririk. Yetkinlik yaşına çatmayanın nikaha məcbur edilməsinə görə komitənin təklifi ilə cinayət məcəlləsinə xüsusi maddə əlavə edildi. Xüsusi sanksiyalar nəzərdə tutulub. Düzdür statistikada müəyyən azalma müşahidə olunur, amma buna baxmayaraq yenə də biz bu hallarla rastlaşırıq. Burada əsas problemlərdən biri də insanların buna laqeyd olmasıdır. Yerli orqanların bu məsələyə göz yumması əsas problemlərdəndir.

- Ailədə qadına qarşı zorakılıq olanda konkret olaraq qadın nə etməlidir, hara müraciət etməlidir?

- Məsələ ondadır ki, artıq bu sahədə bizim mexanizmlərimiz var. Məişət zorakılığının qarşısının alınması haqqında 2012-ci ildə qanun qəbul edildi. Həmin qanundan irəli gələrək polisdən əlavə yerli icra hakimiyyəti orqanlarına səlahiyyət verildi. Bu orqanlar məişət zorakılığının qarşısının alınması sahəsində səlahiyyətli qurumdur. Yeni bir mexanizm odur ki, zorakılıq qurbanlarına mühafizə orderləri verilməlidir. Yəni, həmin sənəddə zorakılığı törədən şəxsə qadağalar qoyulur. O həmin qadağaları pozarsa, artıq inzibati və daha sonra cinayət məsuliyyəti nəzərdə tutulur. Zorakılığa məruz qalan qadın yerli icra hakimiyyəti orqanına müraciət edə bilər. 24 saat ərazində həmin orqan mühafizə orderini zərərçəkənə verir və zorakılğı törədən şəxsi xəbərdarlıq edir. İcra haimiyyəti araşdırma aparmasa belə qısa müddətli mühafizə orderini verməlidir. Misal üçün xanımın həyat yoldaşı evə içkili vəziyyətdə gəlirsə, qadına qarşı zorakılıq törədirsə, qısa müddətli mühafizə orderində yazılır ki, evə içkili vəziyyətdə gəlməsin, 10 metrə qədər xanıma məsafə saxlasın. Belə məhdudiyyətlər qoyulur. Bu qaydalar da pozularsa daha sonra cinayət məsuliyyətinə də cəlb oluna bilər. Mühafizə orderi icra sənədidir. Yəni, icra hakimiyyəti o sənədi həm zərərçəkənə, həm də ədliyyə nazirliyinin icra orqanına göndərir ki, nəzarət olunsun.

Bundan əlavə digər insanlarda belə məsələlərdə həssas olmalıdırlar. İnsanlara tövsiyəmiz odur ki, vaxtında müraciət olunsun. Qonşular, yaxınlar, qohumlar, ailənin vəziyyətindən xəbəri olan orta məktəb müəllimləri də, iş yoldaşları da laqeyd qalmamalıdır. Vaxtında aidiyyatı qurumlara məlumat verilməlidir. Dəfələrlə olub ki, komitəyə anonim zənglər olur ki, filan ünvanda qadına və ya ailənin digər üzvünə qarşı zorakılıq var. Biz dərhal lazimi tədbirlər görürük.

- Paytaxtda qadınlar və kimsəsizlər üçün sığınacaqlar var. Bəs rayonlarda belə sığınacaqlar varmı?

- Dediyiniz yardım mərkəzləridir, bu mərkəzlərin bəzilərində sığınacaqlarda yaradılıb. Bu gün Gəncədə belə bir yardım mərkəzi var, bunlar qeyri-dövlət yardım mərkəzləridir. Qanunda deyilir ki, həm dövlət, həm də qeyri-dövlət yardım mərkəzləri fəaliyyət göstərməlidir. Təəssüflər olsun ki, Azərbaycanda dövlət yardım mərkəzləri yoxdur. Amma gözlənilir ki, bir neçə yerdə belə mərkəzlər yaradılsın. Qanun imkan verir ki, rayonlarda hansısa bir tanınmış, nüfuzlu insan varsa, o da yardım mərkəzi, sığınacaq yarada bilər. Fiziki şəxslər özləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib akkredetasiyadan keçib bu fəaliyyətlə məşğul ola bilərlər.

- Ailələrdə kişilərə qarşı zorakılıq halları da varmı?

- Belə faktlar var, amma çox azdır. Bu çox cüzidir.

- Mentalitetimiz də bəzən qadınların onlara qarşı zorakılığını dilə gətirməsinə mane olur. Münasibətiniz necədir?

- Birincisi biz artıq o mərhələni keçmişik. Qadınlar qanunvericilik bazasından xəbərdardırlar. Bilirlər ki, dövlətin müəyyən təminatları var. Komitəyə demək olar ki, hər gün bir neçə qadın müraciət edir. Bu həm mərkəzdən, həm də rayonlarda yaşayan qadınlardan gələn müraciətlərdir. Biz artıq o streotipləri keçmişik. Müraciət etmək mütləq lazımdır. Niyə görə lazımdır? Həm qadının hüquqları pozulur, həm o ailədə böyüyən uşaqlar da varsa, onlara da təsir edir.

Bu gün bizim əsas çətinliyimiz odur ki, komitənin yerli şöbələri yoxdur. Qurum olaraq cəmi 11 dəstək mərkəzi var. Amma onlar kifayət etmir. Komitənin yerli şöbələrinin olması çox vacib məsələdir bizim üçün. Yəni, qabaqlayıcı, profilaktik tədbirlərin görülməsində bu vacib məsələdir.

- Bəzi ailələr övladlığa uşaq götürmək istəyir amma bu prosedurun çətinliyindən şikayət edir.

- Burada bir sıra sənədlər toplanılır. Bu da çox normal haldır. Övladlığa görütən insanın səhhəti ilə bağlı, onun yaşayış şəraiti ilə bağlı araşdırma aparılır. Əgər uşaq övladlığa verilirsə, həmin məsuliyyəti daşımalıdır. Belə deyək uşağın tərbiyəsi, inkişafı üçün lazımı şəraiti yaratmalıdır. Razılaşmalıyıq ki, bu normal haldır. Əksərən azərbaycanlı ailələr, 3 yaşa qədər uşaqlar götürmək istəyirlər. Problem də burdan irəli gəlir. Bu gün çox sayda bu cür uşaqları arzulayan şəxslər qeydiyyata alınıb. Təbii ki, bu uşaqların sayı o həddə deyil ki, hamısı təmin olunsun. Amma elə uşaqlar var ki, yaşı çoxdur. O uşaqları övladlığa görtürmək istəyənlərin sayı çox azdır. Məsələn, elə uşaqlar var ki, onların fiziki qüsurları var, belə uşaqları da götürmürlər.

- Övladlığa götürülən uşaqlarla bağlı hansı problemlər yaşanılır?

- Komitə olaraq biz azərbaycanlı uşaqları əcnəbilərə övladlığa verilməsi ilə məşğul oluruq. Bu sahədə biz mərkəzi qurum təyin olunmuşuq. Amma Azərbaycan vətəndaşları tərəfindən uşaqların övladlığa götürülməsi komitəyə aid deyil. Bu yerli icra hakimiyyəti orqanları bu işlə məşğul olurlar. Olub ki, komitəni məhkəmələrə övladlığa götürülmənin ləğvi il bağlı maraqlı şəxs qismində dəvət ediblər. Bizim iştirak etdiyimiz məhkəmələrin əksəriyyətində qaytarılan uşaq yuxarı yaş həddində olan uşaqlardır. 13-14-15 hətta 18 yaşında olan uşaqlarda yetkinlik dövründə müəyyən dəyişiklik olur övladlığa götürən şəxs qaytarmaq istəyir. Valideyn əsas gətirir ki, heç cürə nəzarət edə bilmir. Uşağa təsir edə bilmir, buna görə uşağı qaytarırlar. Və yaxudda müəyyən dövrdə uşağın sağlamlığında problem olur, qaytarılır. Bu baxımdan çox vacibdir ki, uşaqla övladlığa götürmək istəyən ailənin bir-birilə uyğunluğu dərindən araşdırılsın. Valideynlə uşaq xarakter baxımından bir-birinə uyğun gəlməlidir. Qanu vericiliyimizdə müəyyən boşluqlar var. Bunu aradan qaldırmaq üçün müəyyən təkliflərimiz də vermişik. Düşünürəm ki, gələcəkdə bu nəzərə alınacaq.

- Uşaq əməyinin istismarına qarşı nə kimi mübarizə tədbirləri görülür?

- Komitə tərəfindən bu sahədə rayonlarda monitorinqlər aparılıb. Monitorinqlər nəticəsində hətta biz müşahidə etmişik ki, dərs vaxtı uşaq müəyyən işlərlə məşğuldur. Belə hallarda ilk növbədə məsələyə məsul olan qurum yerli icra hakimiyyəti orqanlarında yetkinlik yaşına çatmayanların işləri üzrə komisiyalardı. Həmin qurumlar bu məsələyə çox həssas olmalıdırlar. Çox vaxt valideyn məsuliyyətsizliyi nəticəsində də olur. Yəni, valideyn uşağı buna təhrik edir. Həmçinin təhsil müəssisələrinin də bu məsələyə nəzarəti ciddi olmalıdır. Uşaq dərsdən yayınırsa icra hakimiyyətinin komisiyalarına məlumat ötürülməlidir, faktlar gizlədilməməlidir. Adi insanlarda belə hallarla qarşılaşanda icra hakimiyyətinin komisiyasına məlumat verməlidir. Uşaqların hüquqları pozulursa, uşaq baxımsız vəziyyətdə qalırsa aidiyyatı qurumlara müraciət etmək lazımdır.

- İnsan alverinin qurbanı olmuş qadınların sonradan reabilitasiyası üçün hansı işlər görülür?

- İnsan alverinin qurbanları ilə məşğul olan qurum daxili işlər nazirliyidir. Bu məqsədlə onların reabilitasiyası üçün yardım mərkəzləri fəaliyyət göstərir. Sadəcə olaraq belə faktlar olanda müraciət etmək lazımdır.

- Taliyə xanım, başqa hansı ciddi problem var ki, biz bu barədə danışmadıq...

- Son vaxtlar bizi narahat edən məsələlərdən biri də uşaqlara qarşı olan cinsi zorakılıqdı. Bu məsələdə ilk növbədə valideynlərdən xüsusi diqqət tələb olunur. Əksər hallarda uşaqlara qarşı cinsi zorakılığı törədən şəxslər, qurbanın tanıdığı yaxın ətrafda olan şəxslər olur. Burda valideyn nəzarəti gücləndirməlidir. Valideyn uşaqla daha çox ünsiyyətdə olmalıdır. Xüsusilə işləyən valideynlər uşaqları nəzarətsiz qoymamalı, diqqətli olmalıdırlar. Belə deyək, uşaq-valideyn münasibəti o dərəcədə yaxın olmalıdır ki, uşaq problemini, başına gələnləri valideynə söyləyə bilsin. Eyni zamanda təhsil müəssisələrində də psixoloqlar var. Əgər uşaq özünə qapanırsa, sıxılırsa, dərslərində geriləmə varsa bu məqamlara diqqət olunmalıdır. Aidiyyatı qurumlara müraciət olunmaldır. Bu faktlar baş veribsə giozlətmək olmaz. Bəzən olur ki, valideynlər bunu gizlədirlər, heç hüquq-mühafizə orqanına da bildirilmir. Bu məsələlərə diqqət etmək lazımdır. Uşaqlara müəyyən təlimatlar verilməlidir. Təhlükə haqda uşaqlar məlumatlı olmalıdırlar. Əslində beynəlxalq təcrübədə də var ki, məktəblərdə cinsi tərbiyə ilə bağlı xüsusi dərslər keçilir. Lap açıq şəkildə olmasada uşaq bilməlidir ki, hansı hallarda təhlükə var. Bu da tərbiyənin bir növüdür. Hər yaşın öz inkişaf səviyyəsinə uyğun başa salınmalıdır. Bu çox önəmlidir.

Rasim Məmmədli

Oxundu 960

© 2018 - NSPSOLUTIONS