"Elə bilirlər ki, vitamin çox olanda daha sağlam olacaqlar"

Adətən, ilin bu dövründə insan orqanizmində vitamin tükənir. Hər halda böyüklər, qocaman həkimlər belə deyirlər. Bəs vitamin tükənməsini önləmək üçün nə etmək lazımdır? Bu sualla "Sağlamlıq naminə təbiblər" İctimai Birliyinin sədri, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi Habil Hüseynova müraciət etdik. Lakin H. Hüseynov "ilin bu dövründə insan orqanizmində vitamin tükənir" fikirlərinin doğru olmadığını və artıq tarixə qovuşduğunu dedi: "Orqanizmin vitamin itirmə dövrü deyə bir anlayış var idi, amma artıq tarixə qovuşub demək olar. Niyə belə deyirdilər, onu izah edim - əvvəllər adətən, mövsümü meyvələri elə həmin mövsümdə yeyərdik. Yəni o dövrdə insanlar elə qidalanırdılar. Ancaq hazırda ilin 12 ayında biz göyərti və meyvə alıb yeyə bilirik. Yəni istənilən bir insan üçün bu əlçatandır. Bəli, orqanik qidalar azlıq təşkil edə bilər, daha çox geni dəyişdirilmiş qidalar ola bilər və s. Ancaq bildiyim qədər hazırda Azərbaycana gətirilən meyvə-tərəvəzlərlə bağlı bu məsələlərə tam nəzarət olunur. Müəyyən dövr var idi ki, tamamilə nəzarətsiz şəkildə ölkəyə geni dəyişdirilmiş meyvə-tərəvəzlər gətirilirdi ki, bunlar da sözsüz öz zərərlərini göstərirdi. Lakin indi vəziyyət başqadır. Bu mövzuda dünyada tanınmış tibbi jurnallarda da araşdırma yazılar dərc olunur. Amerikalı həkimlərin yazıları var ki, multivitaminlərdən istifadə çox da yaxşı bir şey deyil, zərərli ola bilər və s. Əvvəllər bəli, belə bir anlayış var idi. Mən həkim olaraq mütləq mənada xəstədə hipovitaminoz - vitamin çatışmazlığı əlaməti görmədən ona boş-boşuna dərman təyin etməyin də tərəfdarı deyiləm və etmirəm. Çünki istənilən halda vitaminin azlığı da zərərlidir, çoxluğu da. Balansı tutmaq lazımdır. Xəstə elə hesab edə bilər ki, vitamin çox olanda daha güclü, daha sağlam olacaq, amma belə deyil. Hipervitaminozla bağlı bir çox xəstəliklər var. Bunlar həkimlər tərəfindən mütləq araşdırılmalıdır. Çünki hipervitaminoz deyilən xəstəliklər var. Hər bir vitaminin çoxluğu ilə bağlı xəstəlik var. Ona görə də məsləhət görülmür ki, həkim nəzarəti olmadan vətəndaş özü də hər hansı vitamini qəbul etsin".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top