"Artıq xərçəng yarada biləcək xəstəliklər erkəndən aşkarlanır"

Xəbər verdiyimiz kimi, ötən il Azərbaycanda 30 və yuxarı yaşlı əhali arasında 72 mindən çox insana həzm sistemi xəstəlikləri diaqnozu qoyulub.

Son illərin statistikasına diqqət yetirdikdə həzm sistemi xəstəlikləri diaqnozu qoyulan insanların sayının artdığını deyə bilərik. "Sağlamlıq naminə təbiblər" İctimai Birliyinin sədri, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-qastroenteroloqu Habil Hüseynov "Yeniavaz.com" saytına açıqlamasında problemə belə münasibət bildirdi: "2000-ci ildən bəri həzm sistemi xəstəliklərinin diaqnostikasında istifadə olunan alətlərin statistikasına baxsaq, mütənasiblik görərik. Həmin dövrdə həzm sistemi xəstəliklərinin diaqnostikası üçün 3-4 alət var idisə, indi onların sayı bilinmir. Demək olar ki, hər klinikada müasir alət və avadanlıqlar var. Bu, xəstəliklərin aşkarlanmasında birinci faktordur, yəni insanlar kortəbii müalicə almırlar, dəqiqləşdirilmiş diaqnozla müalicə edilirlər. Onu da deyim ki, əvvəllər bizdə müalicə üsulları ilk olaraq baxış idi, sonra analiz toplanılırdı, laborator müayinələr və s. Daha çox həkimin təcrübəsinə əsaslanan diaqnozlar qoyulurdu ki, bunlar da çox səlis deyildi. Amma indi laborator diaqnozlara üstünlük verilir. Bunlar isə hətta əlamət verməyən xəstəliklər var ki, onların da üzə çıxarılmasına səbəb olur.

Məsələn, onkoloji xəstəliklərin aşkarlanması günbəgün artır, amma xəstəliyin sayı artmır. Yəni xəstəliyin aşkarlanması artır. Biz bunları aşkar etdikdən sonra xəstələri müalicəyə göndəririk.

Bakterial infeksiyaların aşkarlanması da həmçinin. Əvvəllər onların test sistemi Azərbaycanda ümumiyyətlə yox idi, amma indi faktiki olaraq hər xəstəyə tətbiq edilir. Hətta insanların öncədən heç bir xəbəri olmadan onları gələcəkdə narahat eləyə biləcək, xərçəng yarada biləcək bir çox xəstəlikləri erkəndən aşkar eləmək imkanlarımız var".

Habil Hüseynovun sözlərinə görə, bunlarla yanaşı, alətlərin xəstəlikləri aşkarlama üstünlüklərində də irəliləyişlər var: "Əvvəllər fiber-optik alətləri idi, baxdıqlarımızı dumanlı şəkildə görürdüksə, indi super HD keyfiyyətli görüntülər var. Hətta toxumaları mikroskop qədər böyüdüb incələmək mümkündür".

Habil doktor deyir ki, xəstəliklərin artmasında düzgün qidalanmama faktoru hər zaman aktual olub: "Mədə-bağırsaq xəstəliklərinin kökündə duran əsas səbəblərdən biri də qida faktorudur. Sözsüz ki, şəhərləşmə prosesi getdikcə, əhalinin şəhərlərə urbanizasiyası artdıqca qida rasionumuzu daha çox rafinə olunmuş, konservləşdirilmiş qidalar təşkil edir. Bu da mədə-bağırsaq sisteminə mütləq öz təsirini göstərir.

Digər bir səbəb stress faktorudur. Şəhərlərdə çox ciddi stress faktorları ortaya çıxır.

Başqa bir faktor isə "fast-food" qidalarının həddindən artıq yayılmasıdır".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top