Ərdoğan Qarabağ probleminə ehtiyatla yanaşır - SƏBƏBLƏR

Qarabağ münaşiqəsinin həlli yolunda illərdir müəyyən addımlar atılsa da hələ də nəticə əldə edilməyib. Son zamanlar isə Qarabağ məsələsinin həlli ilə bağlı Türkiyənin cəhdlərinin artması müşahidə olunur. Türkiyə Qarabağ münaşiqəsinin həlli ilə bağlı müəyyən addımlar atsa da Rusiyadan buna müsbət cavab verilmir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra verdiyi açıqlama isə pessimistdir. O deyib ki, Putin münaqişənin həllinə ümid etmir. Müşahidə olunan başqa bir hal isə dünyanın söz sahibi dövlətlərinin Qarabağ məsələsinin həlli yolunda səssizliyini qoruyub saxlamasıdır. Bəs görəsən özlərinin kifayət qədər problemi olduğu halda Rusiya və Türkiyə bu məsələnin həllində hansısa rol oynaya bilərlərmi?

Məsələ ilə bağlı politoloq Qabil Hüseynli bildirib ki, Rusiya ilə Türkiyənin mövqelərinin fərqləndirmək lazımdır. “Rusiya bu problemi yaradan, Dağlıq Qarabağı istila edib Ermənistanın nəzarətinə verən, daha sonra isə onun həll yolunda ciddi əngəllər yaradan ölkədir. Bu gün də “Rusiya problemin həllinə bir növ izin vermir” desək, yanılmarıq.

Çünki Rusiya postsovet məkanında yaradılmış etnik münaqişələrdən və müharibələrdən öz təsirini qoruyub saxlamaq üçün istifadə edir. Bu cür münaqişələrlə köhnə Sovet məkanındakı əraziləri öz nəzarətinə almaq xülyasına düşürlər. Bu nöqteyi-nəzərdən münaqişənin həllində fəal iştirak edə bilər, əgər buna arzu, istək olsa. Keçən illər göstərir ki, Rusiya Ermənistanı özünün əlaltısına çevirib və bu problemin həllinə heç bir dəstək vermək fikrində deyil”.

Politoloqun sözlərinə görə, Türkiyə isə problemə çox ehtiyatlı və ürkək yanaşır. “Bu nöqteyi-nəzərdən Türkiyənin cəhdləri son zamanlar fəallaşıb. Xüsusilə Ərdoğan Soçi görüşündə Qarabağla bağlı problemləri qaldırmağa çalışıb. Amma bunu çox ehtiyatla və çox sakit bir tərzdə etməyə çalışır. Bununla belə heç bir nəticə əldə olunmur. Mənim zənnimcə Türkiyə bu məsələdə Rusiya qədər olmasa da, Rusiyanın yarısı qədər fəallıq göstərsə, Azərbaycana yaxın bir ölkə kimi fəallığını artırsa, məsələni kəskin şəkildə qoysa bu məsələdə müəyyən nəticələrə gəlmək olar.

Rusiya Türkiyənin köməyi ilə demək olar ki, özünə uyğun nəticələrə nail ola bildi. Yəni demək istəyirəm ki, Türkiyə və Rusiyanın məsələyə yanaşma tərzində kifayət qədər fərq var. Rusiya bu ərazilərə itirilmiş ərazi kimi baxır. Hər halda problemin həllinə Türkiyənin böyük qatqısı ola bilər, o, çox böyük iradə nümayiş etdirməldir. Q. Hüseynli deyib ki, dünyanın Qarabağ məsələsinə kifayət qədər reaksiya verməməsinin səbəbi ermənilərin bizdən qabaq dünya ictimai rəyini formalaşdırmasıdır. “Qarabağ problemi ətrafında yanlış təsəvvürlər formalaşdıra biliblər. Amma bu əsasən dünyanın xristian təəssübkeşliyi ilə hərəkət etməsi ilə bağlıdır. Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü tanıyırlar amma Azərbaycana gəldikdə bura əlahiddə yanaşma metodunun tətbiqinin zəruriliyindən dəm vururlar. Bu onu göstərir ki, dünya obyektivliyini itirib və müsəlman dünyasının içində xristian anklavının formalaşmasına ürəkdən yanaşır”.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top