Deputat Qarabağ müharibəsi veteranlarına ayrılan müavinətlərin artırılmasını istəyib

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Qarabağ müharibəsi veteranlarına ayrılan müavinətlərin miqdarının artırılmasını, büdcədən müharibə iştirakçılarının “qan pulu” məsələsi ilə bağlı yaranan mübahisənin həll edilməsini istəyib. Milli məclisin 2018-ci il üzrə büdcə müzakirələri ilə bağlı bu gün keçirilən iclasında S. Novruzov bildirib ki, Azərbaycanda Qarabağ veteranlarının sayı 60 və ya 90 min nəfər göstərilir.

“Onlara verilən aylıq müavinət 50 manatdır və təyin olunandan bu günə qədər dəyişilmir. Kommunal xərclər artırılırsa, bu rəqəm də dəyişməlidir. Bizdə digər ölkələrə nisbətən fərqlidir. Çünki Azərbaycanda Qarabağ veteranları, Çernobıl əlilləri, Əfqanıstan müharibəsi iştirakçıları, şəhid ailələri var. Onların sayı çoxaldıqca sosial müdafiəsi ilə məşğul olmalıyıq. Onların 12 mini təqaüdçüdür. Təqaüdə çıxanda veteranlıqdan da çıxır. Bu pul ona müharibədə iştirakına görə verilir. 50 manat onun pensiyasına əlavə edilməlidir. Bundan başqa, şəhid ailələri və veteranlar üçün evlər verilir. Əfqanıstan veteranları və Çernobıl əlillərinə də evlər tikilməlidir, fərq qoyulmamalıdır”, - deyə o, bildirib.

S. Novruzov şəhidlərin “qan pulu” məsələsinin birdəfəlik həll etməyi təklif edib: “Bunu veririksə, birdəfəlik verək, vermiriksə, izah etməliyik. Verməyin də yolu asandır. İldə büdcəyə əlavə 10 milyon manat ayırmaqla hissə-hissə həll etmək mümkündür. Yəni bu məsələni birdəfəlik qurtaraq”.Apa

DİGƏR XƏBƏRLƏR

Top