Çexiya-Rusiya arasında qalmaqal


Rusiyada səfərdə olan Çexiya Prezidenti Miloş Zeman Rusiya-Çexiya iqtisadi forumunda öz çıxışına “Zvezda” telekanalında (Rusiya Müdafiə Nazirliyinin telekanalı) nümayiş etdirilmiş süjeti tənqid edərək başlayıb. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, M. Zeman bildirib ki, ötən gün (“Zvezda” telekanalında) toyuq beyinli hansısa ağılsız jurnalist peyda olub. Prezident deyib: “O bildirib ki, Rusiya 1968-ci ildə Çexiyanı işğal etməklə ona kömək edib. Bu iyrənc təxribat düz mənim səfərimin başlanğıcında baş verib və mən bu gün Baş nazir Dmitri Medvedevdən telekanalın materialını pisləməsini istəyəcəm. Artıq ölkəmdə bəzi siyasətçilər məndən səfərimi dayandırmağımı istəyirlər, lakin mən təxribata uymayacağam, hərçənd bunlar bizim münasibətlərə təsir göstərə bilər”.

Çexiyanın xarici işlər naziri Lübomir Zaoralek qeyd edib ki, iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün hökumət strukturları ilə əlaqəli olan Rusiya KİV-ləri Çexoslovakiyada 1968-ci ildə baş vermiş hadisələri kobud şəkildə təhrif etməməlidirlər: “Biz eşitmək istəmirik ki, 1968-ci ildə Qərbin təşkil etdiyi qiyamla üzləşmişik”.

Xatırladaq ki, noyabrın 21-də “Zvezda” telekanalının saytında “Çexoslovakiya 1968-ci ilə görə SSRİ-yə minnətdar olmalıdır” başlığı altında məqalə yerləşdirilib. Sonradan məqalə silinib.

DİGƏR XƏBƏRLƏR

Top