Rəsulzadənin xanımının məzarı tapıldı: "Həyəcandan öləcək kimiyəm" - FOTOLAR

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadənin (Vanda xanım) xanımının məzarını tapıb. "Yeniavaz.com" xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkədəki səhifəsində məlumat verib: "Həyəcandan öləcək kimiyəm. Əlbəttə, hələ araşdırılmasına ehtiyac var, amma bunu paylaşmasam, ölərəm. Bir neçə gün əvvəl cümhuriyyət dövrünü araşdıran gənc dostlarımızdan Ceyhun Nəbi böyük Məhəmməd Əmin Rəsulzadənin çətin günlərinin sirdaşı, həyat yoldaşı Vanda xanımın, Abbasqulu Kazımzadənin və Məmməd Əli Rəsulzadənin məzarının tapılmağına kömək eləməyimi istədi. Daha əvvəl maraqlanmışdım və mənə Vanda xanımın Esri məzarlığında xristian bölməsində dəfn edildiyini və zamanın qanunlarına görə kimsesi olmadığı üçün məzarın yerinin belə bilinmədiyini demişdilər. Bildiyim qədər hamıda da bu məlumat vardı. Bu gün Abbasqulu Kazımzadənin məzarı ilə bağlı bir şey öyrənmək ümidi ilə əvvəlcə Cebeci Askeri Şehidliyine getdim. Şəhidlik müdiri sağ olsun, bütün qeydləri çıxartdı, baxdı, yox idi.

Oradan yenə bir ümidlə Esri məzarlığına gəldim. Mən gələnə qədər şəhidlik müdiri onları da aramışdı, sağ olsun. Axtardılar, dəftərləri çıxartdılar, 47-ci il qəydlərində Abbasqulu Kazımzadə yoxdu. Bu arada söhbət edərkən Zeynəb xanıma Rəsulzadənin xanımının məzarının da Esri mezarlığında olduğunu, amma tapılmadığını dedim. "Biz onu bulduk" dedi. Həyəcandan nəfəsim kəsiləcək kimi oldum. Dəqiqləşdirməyə çalışdım. Bunları dedi: "Daha əvvəl də bizdən dəfələrlə soruşdular, "xristian məzarlığındadır, amma kimsəsi olmadığı üçün yəqin itib" cavabını da biz vermişik. Çünki dəftərlərdə Vanda adlı birisinə aid məzar yeri görünmürdü. Kompyuterdədə yoxdu. Sonra birisi yenə zəng vurdu soruşdu, mən yenə yoxdu, dedim. O zəngdən sonra dəftərləri töküb axtarmağa başladım. Və dəftərlərin birində xristian bölməsində tapdım. Amma Vanda deyil, Leyla Rəsulzadə deyə yazılıb orada. Axtaran adamın nömrəsini almamışdım deyə məlumat verə bilmədim. Çox da üzüldüm".

Dəftəri göstərdi sonra Zəyneb xanım, fotosunu çəkdim. Məzarın yerini soruşdum, "504 ada 55 parsel" dedi. Məzarlıq işçisi Erol Güngör bəy sağ olsun, "sen bulamazsın, gel gidelim" dedi. Çünki iki 55 parsel var - torpaq məzarlar və beton məzarlar olan. Leyla Rəsulzadənin məzarı beton məzarlar olan hissədədi. Məzara getdik Erol beyle. Başdaşı yoxdu, qırılıb. Məzar durur. Üzərinde Leyla xanıma aid olduğunu göstərən heç nə yoxdu. Amma Erol bəy "kötüklər də, xristian bölümü olması da, tarix də, sol və sağındakı məzarların üstündə olan illər də uyğun gəlir, başqası olma ehtimalı yoxdur" dedi.

Bunları paylaşmağı lazım bildim, sonrası tarixçilərin işidi. Mən əlimdən nə gəlirsə eləməyə hazıram. Böyük Məhəmməd Əmin Rəsulzadənin məzarını idarəyə getmədən ziyaret eləmişdim. Leyla xanımın məzarını tapınca bir də qayıtdım. "Rahat yat, səndən qalan her şeyi tapacağıq, sahib çıxacağıq, səni sevdiyimiz kimi sevəcəyik" dedim"...

DİGƏR XƏBƏRLƏR

Top