Suriyada öldürülən uşaqların sayı 26 mini keçdi

Suriyada Bəşər Əsəd rejimi və onu dəstəkləyənlərin 2011-ci ildən bəri həyata keçirdiyi hücumlar nəticəsində ən azı 21 631 uşaq ölüb.

“Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriya İnsan Haqları Şəbəkəsinin (SNHR) hazırladığı məruzədə deyilir. Məruzədə bildirilir ki, Suriyada 2015-ci ilin sentyabrından etibarən rejimə havadan dəstək vermək üçün müdaxilə edən Rusiyanın hücumlarında isə ən azı 1529 uşaq həlak olub.

Bundan başqa, İŞİD terror təşkilatının hücum və edamlarında da azı 711 uşağın həyatını itirdiyi qeyd edilir. İŞİD-ə qarşı beynəlxalq koalisiyanın 2014-cü ildən etibarən təşkil etdiyi hücumlarda 723 uşaq həyatını itirib.

Məruzədə əlavə edilir ki, PKK/PYD terror təşkilatı isə ən azı 127 uşağı öldürüb. O da diqqətə çatdırılır ki, hərbi müxaliflərin və rejimə qarşı silahlı qruplaşmaların hökumət qüvvələri ilə toqquşmalarında azı 1 024 uşaq həlak olub. Ən azı 701 uşaq isə naməlum qruplar tərəfindən öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top