Gürcüstanın Azərbaycana satdığı məhsullar 82,2 milyon, aldığı məhsullar isə 97,4 milyon dollar artıb

Bu ilin yanvar-oktyabr ayları ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 194,7 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 74% və ya 82,2 milyon dollar artıb. Belə ki, ötən ilin ilk 10 ayı ərzində Gürcüstandan Azərbaycana 111,9 milyon dollar dəyərində məhsul ixrac edilib. Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi 2-ci ölkə olub. Cari ilin ilk 10 ayında Gürcüstanın ümumi ixracının 8,8%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan əvvəlki yerdə Rusiya (ilk 10 ay ərzində 314,1 milyon dollar) gəlir. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul satdığı ölkələr arasında Çin (184,5 milyon dollar), Türkiyə (182,7 milyon dollar), Ermənistan (168,5 milyon dollar), Bolqarıstan (142,9 milyon dollar) və ABŞ (98,2 milyon dollar) yer alır.

Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların həcmi 97,4 milyon dollar artıb

İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 10 ayında Azərbaycandan 455,6 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 27,2% və 97,4 milyon dollar artıb. Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi 4-cü ölkədir. Gürcüstan son 10 ay ərzində Türkiyədən 1 milyard 97,4 milyon dollar, Rusiyadan 615,6 milyon dollar, Çindən isə 543,5 milyon dollar dyərində məhsul idxal edib. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerlərdə Ukrayna (358,7 milyon dollar), Almaniya (358,5 milyon dollar), Ermənistan (235,7 milyon dollar) və ABŞ (218,5 milyon dollar) gəlir.

Gürcüstanın xarici ticarət dövriyyəsində 4,16 milyard dollarlıq mənfi saldo yaranıb

Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 10 ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 8 milyard 566,1 milyon dollar olub və ötən ilin analoji dövrü ilə müqayisədə 12,7% çoxdur.
Qonşu ölkənin ixracı 29,4% artaraq 2 milyard 203,1 milyon dollar, idxal isə 7,8% artaraq 6 milyard 363 milyon dollar təşkil edib. Bu ilin ilk 10 ayı ərzində xarici ticarətdə 4 milyard 160 milyon dollarlıq mənfi saldo yaranıb.

Gürcüstanın ixrac etdiyi məhsulların ilk üçlüyünə mis filizi və konsentratlar (ümumi ixracın 16%-i), ferroərintilər (11,6%) və minik avtomobilləri (7,9%) daxildir. Qonşu ölkənin ən çox idxal etdiyi məhsullar isə neft və neft yağları (ümumi idxalın 8,7%-i), minik avtomobilləri (5,9%) və əczaçılıq məhsulları (4,4%) olub.

DİGƏR XƏBƏRLƏR

Top