Xarici şirkətin Azərbaycan filialında etiraz: işçilər Prezidentə müraciət etdilər

"Franks İnternational" LTD Şirkətinin Azərbaycandakı filialında çalışan bir qrup yerli işçi tərəfindən əmək hüquqlarının pozulması və pozulmaqda davam etməsi barədə Prezidentə, vitse prezidentə və daha 8 dövlət qurumuna müraciət ediblər. Onlar pozulmuş hüquqlarının bərpası üçün köməklik göstərməyi xahiş ediblər. "Yeniavaz.com" xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Şikayətçi öz müraciətlərində aşağıdakı məqamlara toxunublar:

"1. Şirkətin dəniz obyektlərində aylıq normaya uyğun olaraq 160 və daha çox saat işləyib, quruya çıxdıqdan sonra, istirahət etmədən, müdiriyyət tərəfindən quruda olan istehsalat sahələrinə işə cəlb edilirik. Nəticədə bir çox hallarda 160 saat aylıq normada işləməli olduğumuz halda, ayda 250-300 saat həddində işləyirik. Eyni zamanda normadan artıq işlədiyimiz artıq saatlara görə qanunvericiliyə uyğun olaraq nəinki ikiqat, heç birqat əməkhaqqı məbləğində də əmək haqqımız ödənilmir.

2. Dəniz obyektlərində işləməyimizə baxmayaraq, əmək qanunvericiliyində nəzərdə tutulan qaydada 75 faiz dəniz əmsalına görə əlavə əməkhaqqı da şirkət tərəfindən bizə ödənilmir. Bununla da şirkət tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsi, Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı qərarının 4-cü maddəsi pozulur.

3. İş rejimimizin yarısı gündüz, yarısı isə axşam və gecə vaxtlarına düşür, lakin işlədiyimiz və əmək münasibətlərində olduğumuz müəssisə bu əlavə əməkhaqqını da bizə qanunsuz olaraq ödəmir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı Qərarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilib.

4. Əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Lakin, əmək münasibətlərində olduğumuz müəssisə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115.1-ci maddəsinə zidd olaraq bizim bu hüquqmuzu da pozur.

5. Əmək münasibətlərində olduğumuz müəssisə bütün bu ödənişləri o əsasdan bizə ödəmir ki, bizə hər ay bonus (mükafat) verir. Lakin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bonus (mükafat) əlavə ödənişləri əvəz edə bilməz",-deyə müraciətdə bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top