Azərbaycanın Xalq artisti, tanınmış aktyor Fuad Poladov hazırda ev şəraitində müalicəsini davam etdirir. Bu barədə Modern.az-a danışan aktyor bir müddət əvvəl müalicə aldığı Milli Onkologiya Mərkəzindən çıxdığını qeyd edib. “Evdəyəm, müalicə alıram. Amma iynə-dərmanın heç bir xeyri yoxdur, özümdə bir irəliləyiş hiss etmirəm. Yanvar ayından səsim batıb, heç nə kömək etmir”, - deyə o bildirib.
Çox çətinliklə danışan F.Poladov həmkarlarının ona tez-tez baş çəkdiyini vurğulayıb: “Zəng edirlər, gəlirlər. Amma onların adını çəkmək istəmirəm. Çünki sonra onlara problem olar. İşdən çıxararlar. Həmkarlarımı çətin vəziyyətdə qoymaq istəmirəm”. Qırtlaq xərçəngindən əziyyət çəkən aktyor yeni mövsümdən etibarən səhnəyə çıxmır.