Çavuşoğlu: “Fəthullah Gülənin adamları ABŞ dövlət sisteminə sızıblar”


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda xarici jurnalistlərin suallarını cavablandırıb.

Yeniavaz.com xəbər verir ki, sualların böyük bir hissəsi Türkiyə-ABŞ arasındakı gərginliklə bağlı olub. Fəthullah Gülənin Türkiyəyə verilməsi məsələsində yenilik olub-olmaması ilə bağlı suala cavab verən M.Çavuşoğlu bildirib ki, Türkiyə “15 iyul” hadisələrinin arxasında F. Gülənin olduğuna dair sübutları ABŞ-a göndərib: “Əminəm ki, ABŞ bizim göndərdiyimiz sübutlardan daha artığını bilir. Çünki, Gülən ABŞ-da yaşayır”.

Türkiyəli nazir F. Gülənin adamlarının ABŞ qanunlarını pozması ilə bağlı sənədlərin də olduğunu deyib: “Amma maraqlıdır ki, bunlarla bağlı istintaq aparılmır. Gülənin adamları ABŞ dövlət sisteminə də sızıblar. Yerli vətəndaşların əli ilə ABŞ-ın işlərinə müdaxilə edirlər. Bu adamların bəziləri tutulub. Metin Topuz bu adamlardan biridir, amma ABŞ-da hər yerə daxil olublar. Konqresə, nazirliklərə və məhkəmələrə təsir edə bilirlər. R. Zərrab haqqındakı istintaq materiallarına baxanda Gülənin adamları tərəfindən 17-25 dekabr 2013-cü ildə hazırlanan iddianamənin eynisi olduğu məlum olur. Yəni, Zərrabla bağlı cinayət işi Gülənin adamları tərəfindən başladılıb. Bu, dəqiq məlumatdır. Bütün bu material və sənədlər Türkiyədə uydurulub və ABŞ-a aparılıb. FTB-nin (Federal Təhqiqatlar Bürosu) bu sənədləri necə aldığını, ora kimin apardığını bilirik”.

M. Çavuşoğlu iş adamı Rza Zərraba görə ABŞ-a 2 dəfə nota verildiyini də xatırladıb: “Bu məsələ ilə bağlı iki dəfə nota verdik. Birincisi, Zərrabın vəkillərinin onunla görüşə bilməməsi ilə bağlı xəbərlərdən sonra, ikincisi, iki gün əvvəl idi. Birincidən 6 gün sonra bir daha nota verdik, çünki, birinci notadan cavab gəlməmişdi. İkinci notadan sonra ABŞ Xarici işlər və Ədliyyə nazirlikləri ABŞ-dakı səfirimizə zəng edərək Zərrabın yaxşı olduğunu bildirib. Amma Zərrabın harada olduğunu deməyiblər. Əvvəl saxlanıldığı yerdə olmadığı dəqiqdi. Ev həbsində yoxsa həbsxanadadır və ya başqa yerdədir bunu bilmirik. Bunu bizə demədilər”.

M. Çavuşoğlu, Zərrabın ABŞ-la əməkdaşlıq edərək etirafçı olması ilə bağlı iddialardan narahat olub-olmamaları sualına, “Niyə narahat olaq ki?” – deyə cavab verib. İstintaq materiallarının Gülənin adamlarının hazırladığını təkrarlayan nazir, bildirib ki, əlbəttə uydurma ittihamlar olarsa cavab veriləcək: “Türkcədə bir deyim var: çiy süd içməmişəm ki, mədəm ağrısın”. “Halkbank”ın fəaliyyətlərinin heç biri ABŞ qanunlarını pozmayıb”.

M. Çavuşoğlu, R.Zərrab bağlı istintaqı başladan prokuror Bharara haqqında da danışıb. Nazir bildirib ki, həmin prokurorun “Hizmet hərəkatı” ilə yaxın əlaqələri var.

Qeyd edək ki, Çavuşoğlunun bu açıqlamasından sonra prokuror Pret Bharara sosial şəbəkədə belə bir status paylaşıb: “Türkiyə Xarici işlər naziri yalançıdır. Görək məhkəmədə nə olacaq?”.

DİGƏR XƏBƏRLƏR

Top