Kim nə qədər müavinət alır? keçmiş məhkumlar 452, çoxuşaqlı ailələr 30 manat...

Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 376 min 149 nəfərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial müavinətlər və kompensasiyalar verilub. Bu şəxslərə verilən sosial müavinətlər və kompensasiyaların bir nəfərə düşən orta məbləği 56 manat 78 qəpik və ya 33,4 dollar olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumata istinadən bildirir ki, sosial müavinətlər və kompensasiyalar alanlar arasında əlilliyi olanlar üstünlük təşkil edir. 156 min 482 nəfər əlilliyi görə sosial müavinət alıb. Əlilliyi görə verilən sosial müavinətlərin bir nəfərə düşən orta məbləği 54 manat 58 qəpik təşkil edir. İkinci sırada sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlar dayanır. Bu kateqoriyada sosial müavinət alanların sayı 72 min 263 nəfər olub. Sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlara verilən sosial müavinətin bir nəfərə düşən orta məbləği 74 manat olub. Üçüncü sırada isə 64 min 64 nəfərlə uşağın doğulmasına görə verilən müavinətlər yer alır. Uşağın doğulmasına görə verilən müavinətlərin bir nəfərə düşən orta məbləği 97 manat 13 qəpik olub.

Ən yüksək müavinəti isə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər alır. Oktyabr ayının 1-nə kimi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3 min 785 nəfərin hər birinə orta hesabla 452 manat 19 qəpik müavinət verilib. Bundan başqa əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə verilən kompensasiyanın məbləği də yüksək olub - 226 manat 7 qəpik.

Ən aşağı müavinət isə beşdən çox uşağa görə verilən müavinət olub - 30 manat. Bundan başqa dövlət qulluqçularına verilən müavinətin də məbləği aşağı olub - 44 manat 89 qəpik.

DİGƏR XƏBƏRLƏR

Top