10 ay ərzində siqaret və içkiyə 1,3 milyard, benzinə isə 1,5 milyard manat pul xərclənib

Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,1 faiz artaraq 28 milyard manat olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, istehlak məhsullarının 99,9 faizi qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 11,9 faizi ticarət müəssisələri tərəfindən satılıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 288,2 manatlıq və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 40,3 manat çox əmtəə alıb.

2017-ci ilin on ayında pərakəndə ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin eyni dövrünün səviyyəsini real ifadədə 1,5 faiz üstələyərək 14 milyard 184,8 milyon manata çatıb. Ticarət dövriyyəsi 13 milyard 849,1 milyon manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,8 faiz çox olub.

Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 145,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Bu ilin yanvar-oktyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi (1,316 milyard manat) içkilər və tütün məmulatlarının, 18,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,3 faizi (1,484 milyard manat) avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. Pərakəndə ticarət dövriyyəsinin artımı ölkənin əksər regionlarında müşahidə olunub. Belə ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2017-ci ilin doqquz ayında pərakəndə ticarət dövriyyəsinin həcmi Bakı şəhəri üzrə 2,7 faiz, Abşeron iqtisadi rayonu üzrə 2,4 faiz, Naxçıvan Muxtar Respublikası üzrə 1,6 faiz, Aran iqtisadi rayonu üzrə 1,5 faiz, Lənkəran iqtisadi rayonu üzrə 1,5 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 1,2 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1,2 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 1,1 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 0,9 faiz artıb, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə isə 2,1 faiz azalıb. Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pərakəndə ticarət dövriyyəsinin artım sürəti ölkə üzrə orta artım sürətindən (2,1 faiz) yüksək olub.

DİGƏR XƏBƏRLƏR

Top