“Yığma karyeramı bu cür bitirmək istəməzdim” - Buffon

DÇ-2018-in pley-off mərhələsinin cavab oyunlarında İsveçi qəbul edən İtaliya yığması qolsuz bərabərliyə imza atıb. Bununla da “Skuadra Adzurra” mundialın final mərhələsindən kənarda qalıb. Matçdan sonra İtaliya millisinin baş məşqçisi Canpyero Ventura, həmçinin futbolçular - Canluici Buffon, Andrea Bartsalyi, Daniele de Rossi və Corcio Kyellini uğursuz nəticə haqda fikirlərini bildiriblər.

Canpyero Ventura: “İstefa verməyə hazırlaşırammı? Xeyr, çünki İtaliya Futbol Federasiyasının prezidenti ilə hələ danışığım olmayıb. Bu postda qalıb-qalmayacağımı federasiya rəhbərliyi ilə müzakirə etməliyəm. Hər şeyi nəzərə alıb, qərar verməliyik. Düzdü, bizim üçün çox ağır nəticə oldu. İtaliya yığmasının bütün azarkeşlərindən üzr istəyirəm. Bu gün “San Siro”ya gəlib, bizi sona qədər dəstəkləyən hər kəsə minnətdaram”.

Canluici Buffon: “Təkcə özümə görə yox, ümumilikdə İtaliya futbolu adına heyfsilənirəm. Biz təkcə bu mübarizəni uduzmadıq, sosial məğlubiyyətə məruz qaldıq. Məyusam. Yığma karyeramı bu cür bitirmək istəməzdim. Millidə oynadığım müddətdə yanımda olan hər kəsi bağrıma basıram. Belə oyunlar keçirənlər bilirlər ki, pley-off matçları çox çətin olur. Qol vurmaq üçün soyuqqanlı olmalıydıq. Biz isə bunu bacarmadıq. Pley-off görüşlərində mübarizənin taleyini epizodik məqamlar həll edir. Bu gün isə belə anlar bizim əleyhimizə oldu. Yalnız bir günahkar axtarmaq düzgün deyil. Günahı aramızda bölməliyik”.

Andrea Bartsalyi: “Futbol karyeramda heç vaxt bu qədər məyus olmamışdım. İtaliya yığmasında oynamaq başqa hissdi. Bu formanı geyinəndə, himni oxuyanda insanın tükləri biz-biz olur. Dünya çempionatından kənarda qalmaq isə biabırçılıqdı. Konkret olaraq, harada səhv buraxdığımızı bilmirəm. Artıq bunun önəmi də yoxdu. İtaliya mundialda olmayacaq. Bu yenilgi hər birimiz üçün ağırdı. İnanıram ki, millinin formasını geyinən gənc futbolçular sonrakı vəziyyəti dəyişə biləcəklər. 4-5 veteranın dövrü başa çatdı. İndi isə “ac” gənclərin dövrü başlayır”.

Daniele de Rossi: “10 ildən çox müddətdə millinin şərəfini qorudum. Bu formanı sonuncu dəfə geyinmək qəribə hissdi. Yığmada elə futbolçular var ki, onların ətrafına yeni oyunçular yığmaqla güclü komanda formalaşdırmaq olar”.

Corcio Kyellini: “İsveç yığması bu nailiyyətə layiqdi. Mən hakimdən və ya bəxtsizlikdən şikayətlənənlərdən deyiləm. Rəqibi tərifləmək lazımdı. Bütün gücümüzü meydanda qoyduq, amma bu, yetərli olmadı. İsveç dünya çempionatının final mərhələsində oynamağı bizdən çox haqq edirdi. Gənc futbolçularımız var. Bu uğursuzluqdan sonra çox iş görmək lazımdı. İtaliya millisində Marko Verratti və onun həmyaşıdlarının yeni dövrü başlayır”.Apasport

DİGƏR XƏBƏRLƏR

Top