Maqnit qasırğaları nədən yaranır və ölüm gətirirmi?..

Son bir neçə aydır, mütəmadi olaraq geomaqnit qasırğasının baş verməsi haqqında məlumatlar oxuyuruq. Məsələn, dünəndən başlayan və bir neçə gün davam etməsi gözlənilən maqnit fırtınaları buna nümunədir.

Maraqlıdır, geomqnit qasırğalarının yaranma səbəbləri nədir? Bu hadisə niyə tez-tez müşahidə edilir?

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilov bildirib ki, Günəşdəki aktivliklər 11 ildən bir təkrarlanır:
“Maqnit qasırğaları oktyabrın 24-də hardasa axşam vaxtlarında 2 saat davam edib. Proqnozlara görə ayın 25-də maqnit qasırğası gözlənilsə də, hələ ki baş verməyib. Bu gün üçün qorxulu, həyəcanlı bir şey yoxdur.

Günəş aktivliyi hər 11 ildən bir təkrarlanan hadisədir. Günəş səthinin xeyli hissəsi maqnit ləkələri ilə örtülüdür. Yəni həmin yerdə lokal maqnit sahələrinin intensivliyi çox yüksəkdir. Bu zaman Günəşdən plazmaların, ionların tullantısı şəklində çox böyük enerji ayrılır. Bunun Günəş-Yer əlaqələrinə çox böyük təsiri var. Bu zaman Günəşdən atılan plazma kütləsinin sürəti 1000-1200 km/saniyəyə çatır, bu isə Yerin maqnit sahəsini silkələyir. Biz Yerin maqnit sahəsinin olduğu sferanın içində olduğumuzdan bu proses həm kommunikasiya xətlərinə, süni peyklərin orbitinə, o cümlədən insanların sağlamlığına təsir edir. İnsan plazmasında ionların hərəkəti çoxdur. Maqnit fırtınaları ionların artıb-azalmasına birbaşa təsir edir”.
N.Cəlilov qeyd edib ki, Günəşdə baş verən hadisələrin proqnozlarını vermək çətindir:
“Günəşdə çox mürəkkəb fiziki hadisələr baş verir. Bunlar xaotik proseslərdir və əvvəlcədən proqnozunu vermək çətindir. Günəşin səthində maqnit qüvvə xətlərini izləyirlər, nə zaman onlar bir-birinə yaxınlaşır, qısaqapanma olur, o zaman alışma gözlənilir. Gərək arası kəsilmədən həm Günəş, həm də Yer ətrafında süni peyklər vasitəsilə müşahidə aparılsın. Bu da qismən NASA-ya qismət olur, onların imkanları var”.
Müsahibimiz həmçinin deyib ki, hazırda Günəşdəki aktivlik minimum səviyyəsindədir. Lakin 1-2 ilə aktivlik artmağa başlayacaq.

Həkim-kardioloq Vüqar Zamanov açıqlamasında maqnit qasırğalarının insan səhhətinə təsirlərindən danışıb:
“Adətən təzyiqlə bağlı insanların bizə müraciəti artan zaman bilirik ki, havada müəyyən dəyişmələr baş verib. Buna daha çox yaz və payız aylarında rast gəlirik. Atmosferdə baş verən problemlər meteohəssas insanlardan da yan keçmir. Geomaqnit qasırğası daha çox ürək-damar xəstəlikləri, arterial hipertenziya, yəni təzyiqin yüksək olması, ikinci qrup şəkərli diabet xəstəliyi olan insanlara mənfi təsir edir. Bu zaman təzyiqin artması, şəkərin qalxıb-düşməsi halları müşahidə olunur.

Arterial təzyiq sadəcə hava şəraitindən asılı deyil. Sadəcə, belə situasiyalarda daha diqqətli olmaq lazımdır. Hətta həmin insanlar həkimlərə müraciət edib dərmanların dozalarında keçici dəyişiklik etməlidirlər. Maqnit qasırğası ilə əlaqəli meteohəssas insanların çöldə və ya evdə olmasının hər hansı fərqi yoxdur. Ola bilər, yay aylarında qızmar günəşin birbaşa təsiri olsun”.modern.az

DİGƏR XƏBƏRLƏR

Top