Banklar tərəfindən verilən kreditlər 2012-ci il səviyyəsinə düşüb

Bu ilin sentyabr ayının əvvəlinə olan sonuncu məlumata görə, banklar və bank olmayan kredit təşkilatları tərəfindən iqtisadiyyatın ayrı-ayrı sahələrinə ümumilikdə 12 milyard 376,6 milyon manat kredit ayrılıb və 2012-ci ildən sonra qeydə alınan ən aşağı göstərici olub. İlin əvvəli ilə müqayisədə verilən kreditlərin həcmi 25,9% və ya 4 milyard 328,6 milyon manat azalıb. Ən çox kredit qoyuluşu hər zaman olduğu kimi ev təsərrüfatlarına (istehlak kreditləri) olub. "Yeniavaz.com" Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ev təsərrüfatlarına verilən kreditlər ümumi kreditlərin 39,8%-nə bərabər olub. Bu növ kreditlər üzrə kəskin azalma baş verib. İlin əvvəlindən ötən 8 ay ərzində istehlak kreditlərtinin həcmi 891 milyon manat azalaraq 4 milyard 923 milyon manata düşüb.

Bundan başqa ümumi kreditlərin 2 milyard 108,5 milyon manatı ticarət və xidmət sektoruna ayrılıb. Son 8 ay ərzində bu sektora qoyulan kreditlərin həcmi 323,7 milyon manat azalıb. Bu sektorun ümumi kredit portfelindəki payı isə 14,6%-dən 17%-ə yüksəlib.

İnşaat və əmlak sektoruna isə 541,4 milyon manat kredit yönəldilib. Bu sahəyə qoyulan kreditlərin də həcmi ilini əvvəlindən 3,7 dəfə və ya 1 milyard 447,1 milyon manat aşağı düşüb. Bu azalma ilə bərabər ümumi kredit portfelindəki payı da 11,9%-dən 4,4%-ə düşüb.

Nəqliyyat və rabitə sektorunun maliyyələşdirilməsinə 1 milyard 62,7 milyon manat kredit ayrılıb ki, bu da ilin əvvəlindən ötən 8 ay ərzində 333,8 milyon manat azalma deməkdir. Sənaye və istehsal sektoruna yönəldilən kreditlərin ümumi kredit portfelindəki payı ilin əvvəlindəki 8,4%-dən 8,6% səviyyəsinə yüksəlib.

Sənaye və istehsal sektoruna isə banklardan 643,9 milyon manat vəsait cəlb edib. Bu, ilin əvvəli ilə müqayisədə 2 dəfə və ya 657 milyon manat azdır. Sektorun ümumi kreditləşmədə payı isə 7,8%-dən 5,2%-ə enib.

Kənd təsərrüfatı və emal sektoru isə kredit təşkilatlarından cəmi 463,4 milyon manat borc ala bilib. Bu sahəyə verilən kreditlərin məbləği 15,8 milyon manat artıb. Ümumi kredit portfelindəki payı 2,7%-dən 3,7%-ə yüksəlib.

Energetika, kimya və təbii ehtiyatlar sektoruna isə 368,9 milyon manat ayrılıb. Bu isə ilin əvvəli ilə müqayisədə 87,6 milyon manat çoxdur. Bu sahəyə verilən kreditlərin ümumi kredit portfelindəki payı isə ilin əvvəlindəki 2,7%-dən 3%-ə yüksəlib.

Kredit təşkilatları ipoteka kreditləşməsi də daxil olmaqla daşınmaz əmlakın tikintisi və alınmasına isə 1 milyard 719,9 milyon manat borc verib. Bu, son 8 ay ərzində 8,1 milyon manat artım deməkdir. Sektorun ümumi kreditləşmədə payı isə artıb - 10,2%-dən 13,9%-ə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top