Dövlət büdcəsinin 10%-i və ya 2,1 milyard manatı xarici borcların qaytarılmasına sərf olunacaq

Gələn ilin dövlət büdcəsindən xarici dövlət borclarının qaytarılmasına 2 milyard 159 milyon 597,1 min manat vəsait ayrılacaq ki, bu da büdcənin təxminən 10%-i deməkdir. “Yeniavaz.com” Maliyyə Nazirliyi tərəfindən açıqlanan 2018-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə istinadən bildirir ki, bu ilki göstərici ilə müqayisədə xarici dövlət borclarının qaytarılmasına ayrılacaq vəsaitin həcmi 26,4% və ya 452 milyon manat artacaq. Belə ki, bu il xarici dövlət borclarının qaytarılmasına 1 milyard 707,6 milyon manat vəsaitin sərf olunacağı gözlənilir.

Onu da qeyd edək ki, bu il ərzində dövlət büdcəsindən xarici dövlət borclarının qaytarılması üçün ayrılacaq vəsait də 2016-cı illə müqaysədə 36,6% və ya 457,9 milyon manat çoxdur.

Məlumat üçün onu da bildirək ki, Maliyyə Nazirliyinin açıqladığı sonuncu məlumata görə, Azərbaycanın xarici dövlət borcu 7 milyard 172,6 milyon dollara (12 milyard 208,5 milyon manat) bərabər olub. Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18,9% təşkil edib. Bu borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilən kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcunun əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və beynəlxalq maliyyə bazarlarından yerləşdirilən qiymətli kağızlar vasitəsilə cəlb edilib.

Maliyyə Nazirliyinin açıqladığı statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, ilin əvvəli ilə müqayisədə xarici dövlət borcumuz bu ilin ilk 6 ayı ərzində 3,7% və ya 257,4 milyon dollar (437 milyon manat) artıb. 12 il əvvəl ilə - 2005-ci illə müqayisədə isə xarici dövlət borcumuz 3,6 dəfə artıb.

DİGƏR XƏBƏRLƏR

Top