Xərclərin azaldılması hesabına rayonların mərkəzi büdcədən asılılığı kəskin azalır CƏDVƏL

Son illər mərkəzi büdcədən şəhər və rayonların yerli xərclərini qarşılamaq üçün dövlət büdcəsindən dotasiya formasında böyük məbləğdə vəsaitlər ödənilirdi. Ancaq ilk dəfə olaraq ötən il dövlət büdcəsindən regionlara ayrılan dotasiyalar kəskin şəkildə azaldı. “Yeniavaz.com” Maliyyə Nazirliyi tərəfindən açıqlanan 2018-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə istinadən bildirir ki, mərkəzi büdcədən regionlara ayrılan dotasiyalar cari ildə olduğu kimi gələn ildə də əvvəlki illərlə müqayisədə 10 dəfədən artıq az olacaq. Məlumat üçün bildirək ki, dotasiyalar bu səviyyədə azalması 2017-ci ildə olduğu kimi 2018-ci ildə də şəhər və rayonların yerli xərclərinin aşağı salınması hesabına mümkün olacaq. Belə ki, 2016-cı ilin dövlət büdcəsi ilə müqayisədə gələn ilin büdcəsində şəhər və rayonların yerli xərcləri 2 dəfədən çox azaldılıb. Əgər 2016-cı ildə şəhər və rayonların yerli xərcləri üçün 1 milyard 538 milyon manat həcmində vəsait nəzərdə tutulmuşdusa, gələn ilin büdcəsində bu rəqəmin 724,1 milyon manat təşkil edəcəyi gözlənilir.

Onu da qeyd edək ki, gələn ilin dövlət büdcəsində şəhər və rayonlar üzrə ümumi gəlirlərin cari illə müqayisədə yalnız Bakı şəhərində artacağı gözlənilir. Digər rayon və şəhərlərdə ciddi artım olmayacaq. Bakı şəhəri üzrə qeydə alınan 671 milyon dollarlıq artıma baxmayaraq, paytaxtın da yerli xərclərində artım daha az olacaq. Ümimilikdə isə bu il şəhər və rayonlar üzrə ümumi gəlirlər 7 milyard 907 milyon manat olacaq və bunun 92,1%-i və 7 milyard 283,8 milyon manatı Bakının payına düşəcək. Bu gəlirlərə rəğmən Bakının yerli xərclərinin gələn il 210,1 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 11,6 milyon manat çox olacaq.

Son 11 ilin (2008-2018-ci illər) statistikasına nəzər salsaq görərik ki, 2017-18-ci illər istisna olmaqla hər zaman regionların yerli xərclərində mərkəzi büdcədən ayrılan dotasiyaların payı olduqca yüksək olub. Məsələn, 2008-ci ildə yerli xərclər 909 milyon manat olub və bunun 72%-ni və 655 milyon manatını dotasiya təşkil edib. Növbəti illərdə də mərkəzi büdcədən ayrılan dotasiyaların payı hər zaman 50%-dən yüksək olub. İlk dəfə olaraq cari ilin büdcəsində bu göstəricinin birdən-birə azalaraq 10,5% və ya 75,8 milyon manata düşüb. Bu il olduğu kimi növbəti ildə də mərkəzi büdcədən ayrılan dotasiyaların payı yerli xərclərin 10,1%-i və ya 73,4 milyon manat həddində olacaq.

Əvvəlki illərlə müqayisədə açıq şəkildə görünür ki, istisnasız olaraq ölkənin bütün şəhərlərində yerli xərclərdəki azalma gələn ilin büdcəsində də davam etdiriləcək. Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə Lənkəran şəhərinin yerli gəlirləri 16 milyon manat olduğu halada, mərkəzi büdcədən ayrılan 19,2 milyon manatlıq dotasiya hesabına yerli xərcləri 35 milyon manat təşkil edib. Lakin, bu il olduğu kimi gələn ildə də Lənkəranın yerli xərclərinin kəskin şəkildə azaldığı görülür. Belə ki, gələn il Lənkəran şəhərinin yerli xərclərinin 17,2 milyon manat olacağı gözlənildiyi halda, yerli xərcləri bundan daha az - 14 milyon manat olacaq. Göründüyü kimi yerli gəlirlərdə 1,2 milyon manatlıq artıma rəğmən, yerli xərclər 21 milyon manat azaldılacaq. Bənzər vəziyyət digər şəhər və rayonlarda da müşahidə ediləcək. Bu isə o deməkdir ki, şəhər və rayonların mərkəzi büdcədən asılılığının azalması yerli gəlirlərin artırılması hesabına deyil, yerli xərclərin azaldılması hesabına baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top