Vergilər sanksiya yazıb, geyim alacaq

Dövlət vergi orqanlarının işçilərinə geyim formalarının və fərqləndirmə nişanlarının alınmasında vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarından əldə edilən vəsaitlərdən istifadə ediləcək. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqləndirmə nişanlarının təchizat norması və istifadə müddətləri”nin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. İndiyə qədər dövlət vergi orqanlarının işçilərinə geyim formalarının və fərqləndirmə nişanlarının alınması Vergilər Nazirliyinin saxlanılması üçün büdcədə və vergi orqanlarının büdcədənkənar fondunda müvafiq xərc yarımmaddəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilib. Dəyişikliyə əsasən bundan sonra dövlət vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi geyim formalarının və fərqləndirmə nişanlarının alınması Vergilər Nazirliyinin saxlanılması üçün dövlət büdcəsində müvafiq xərc yarımmaddəsində nəzərdə tutulmuş vəsaitlər və vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarından əldə edilən vəsaitlər hesabına həyata keçiriləcək.


Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” qərarında etdiyi dəyişikliyə əsasən Vergilər Nazirliyinin Tədris Mərkəzinin maliyyə mənbələri sırasına da vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarından əldə edilən vəsaitlər daxil edilib. Vergilər Nazirliyinin Tədris Mərkəzi ixtisasartırma və yenidən hazırlama tədris müəssisəsi statuslu elm və təhsil ocağıdır.


Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi vergi orqanlarının hesablarına köçürülür. Bundan sonra həmin vəsaitlərdən Vergilər Nazirliyinin Tədris Mərkəzinin maliyyələşdirilməsi üçün də istifadə ediləcək.Apa

DİGƏR XƏBƏRLƏR

Top