Dövlət büdcəsində 784 milyon manatlıq kəsir yaranıb

2017-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 12 milyard 45,1 milyon manat, xərcləri 12 milyard 783,7 milyon manat olub, 783,6 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. "Yeniavaz.com" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Cari ilin doqquz ayında dövlət büdcəsində 738,6 milyon manat kəsir özəlləşdirmədən, daxili və xarici borclanmadan daxilolmalar və 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına təmin edilib.

2017-ci doqquz ayında dövlət büdcəsinin mədaxili 12 milyard 19 milyon manat proqnoza qarşı 12 milyard 45,1 milyon manat və ya 0,2 faiz çox icra olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1 milyard 942 milyon manat və ya 19,2 faiz çoxdur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 0,1 faiz çox icra edilməklə dövlət büdcəsinə 5 milyard 224,8 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 298,5 manat və ya 6,1 faiz çoxdur.

Həmin vəsaitin 73,2 faizi və ya 3 milyard 825,8 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2017-ci ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 17,8 faiz çox əməl edərək dövlət büdcəsinə 1 milyard 950,4 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 296,6 milyon manat və ya 17,9 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 300 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 275 milyon manat və ya 6 faiz azdır.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 246,7 milyon manat təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 53,8 milyon manat və 27,9 faiz çoxdur.

Sair daxilolmalar üzrə büdcəyə 323,2 milyon manat, bundan 250 milyon manat vəsait Mərkəzi Bankın sərbəst mənfəətindən transfert şəklində daxil olub.

2017-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 0,7 faiz çox və ya 12 milyard 783,7 milyon manat icra olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2 milyard 161,5 milyon manat və ya 20,3 faiz çoxdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 38,1 faizi və ya 4 milyard 865,1 milyon manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 351,4 milyon manat və ya 7,8 faiz çoxdur.

Cari ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,7 milyon manat, enerji, su təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1 milyard 666,1 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 64,9 milyon manat vəsait yönəldilib.

DİGƏR XƏBƏRLƏR

Top