Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi niyə yoxa çıxıb?

"Prezidentin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin son toplantısında diqqətimi cəlb edən bir məqam oldu. Bakı Nəqliyyat Agentliyinin rəhbəri çıxışında Prezidentdən xahiş edirdi ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Agentliyin balansına verilməsi prosesini sürətləndirsin". "Yeniavaz.com" xəbər verir ki, bunu ekspert Osman Gündüz bildirib.

"Anlamadım ki, indiyədək Agentlik bu idarəetmə sistemi olmadan görən öz Əsasnaməsi ilə qarşısına qoyulan vəzifəni, yəni sərnişindaşıma sahəsində tənzimləməni və dövlət nəzarətini necə həyata keçirib? Ümumiyyətlə, görən indi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi hardadır? İnternetdə axtarış verdim, baxıram ki, nə saytı (www.niim.az) işləyir, nə də sosial media resursları aktivdir, nə də tabeçiliyinin kimə məxsus olması bilinir. Sanki qeybə çəkilib, yoxdur bu nəhənglikdə qurum. Prezidentin də iştirakı ilə 2011-ci ilin sonunda açılışı olan, əslində çox gözəl bir təşəbbüs olan intellektual idarəetmə mərkəzi çox təəssüf ki, böyük miqdarda maliyyə ayrılan, lakin faydasını yetərincə görmədiyimiz layihələrdən oldu. Nəqliyyat Nazirliyi və Koreyanın birgə layihəsi olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin reallaşmasına büdcədən, səhv etmirəmsə, 100 milyon manat vəsait ayrılmışdı.

Xatırayıram ki, o zamankı nazir Ziya Məmmədov bu layihə ilə bağlı böyük vədlər verirdi, bütün ölkəboyu işləyəcəyini bildirirdi. Təəssüf ki, Nazirlik zamanında bu qurumun effektiv fəaliyyəti üçün zəruri olan addımları atmadı.

Onun nəinki bütün ölkəboyu, heç Bakı şəhərində düz-əməlli faydasını görə bilmədik. Hərdən müşahidə edirəm ki, NİİM-in yol kənarında olan fiber-opik xətləri də baxımsızlıq ucbatından küçə kənarında yağışın-suyun altında qalıb. Ağlım kəsmir ki, o kanallarla hansısa siqnalı normal ötürmək olsun.

Dayanacaqlarda quraşdırılan və dəyəri az qala 10000 dollar olan monitorların vəziyyətindən isə danışmağa dəyməz. Yüzlərlə müşahidə kamerasına, kilometrlərlə fiber optik infrastruktura, yüzlərlə avtobuslarda quraşdırılan GPS tipli avadanlıqlara, hətta təsəvvür edin ki, dünyanın ən böyük monitoruna məxsus olan bu nəhəng infarstruktur effektiv işləyə bilmədi.

Baxıram ki, NİİM-in 141 qaynar xətti də Bakı Nəqliyyat Agentliyinə verilib.

Zamanında biz çox təkliflər etdik ki, bu qurumun effektivliyinin artırılması üçün tabeçiliyi dəyişdirilməlidir, effektiv mexanizmlər tətbiq edilməlidir. Təəssüf ki xeyri olmadı. İndi isə heç özü də yoxdur, bilinmir ki, hardadır və hara tabedir? Az qala 2 il tamam olur ki, tabeçilik və balansa qəbul edilmə prosesi baş tutmayıb. Çox təəssüf", - deyə ekspert vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top