"Əlillərin müavinətinin kəsiləcəyi ilə bağlı məlumatların əsası yoxdur" - Açıqlama

Bu gün yerli mətbuatda Azərbaycanda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər ediləcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, hazırda bununla bağlı qanun layihələrinin üzərində iş gedir. Fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır.

Əlillərin maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər), dava-dərman, texniki və başqa vasitələrlə həyata keçirilir. O cümlədən onlara avtomobillər, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar verilir, habelə tibbi, sosial, əmək və peşə bərpası sahəsində xidmətlər göstərilir.

Modern.az saytında yayımlanan məlumatda qeyd olunur ki, hazırlanacaq yeni layihəyə əsasən isə fiziki qüsurlu əlillərə sosial durumlarına görə müavinət veriləcək. Belə ki, sosial durumu yaxşı olmayan əlillərə daha çox müavinət ödəniləcək. Sosial durumu yaxşı olan fiziki qüsurlu əlillərə isə müavinət verilməyəcək.

"Bunun adı isə fiziki və sosial baxımdan əlilliyin müəyyənləşdirilməsi olacaq", - deyə parlamentdən bildirilib.

Müavinətlərin kimlərə şamil olunacağı qaydaları da hazırlanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev isə "Yeniavaz.com"a bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur: "Bəzi KİV-lərdə Milli Məclisə istinadən, guya əlilliyi olan şəxslərin sosial müavinətlərlə təminatı sistemində dəyişiklik olunacağı və sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə yayılan məlumatların heç bir əsası yoxdur. Hazırda hökumətdə qeyd edilən məsələ ilə əlaqədar heç bir layihə müzakirə olunmur. Nazirlik olaraq Azərbaycan Respublikası Milli Məclisinin Əmək və Sosial Siyasət Komitəsi ilə də əlaqə saxlanılıb. Komitədən sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə hər hansı məsələnin müzakirə olunmadığı bildirilib".

"Odur ki, sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə qeyd edilənlər ictimai rəyi çaşdımağa yönəlib",-deyə Elman Babayev vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top