Elmar Vəliyev: "Gəncədə aparılan abadlıq işləri rəğbətlə qarşılanır"

Gəncədə hesabat yığıncağı keçirilib. Şəhərin idarə, təşkilat və müəssisələrinin, xidmət sahələri rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, ölkənin davamlı inkişafının təmin olunmasında möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən, bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır.

2017-ci ilin 9 ayında ümumi məhsulun 34,9 faizi sənayedə, 0,2 faizi kənd təsərrüfatında, 26,6 faizi tikintidə, 6,2 faizi nəqliyyatda, 0,5 faizi informasiya və rabitədə, 31,6 faizi ticarət və xidmət sahələrində istehsal olunduğunu deyən şəhər rəhbəri qeyd edib ki, bu müddət ərzində şəhərimizdə iqtisadi əmək fəaliyyəti ilə məşğul olanların sayı 169 min nəfər təşkil etmiş, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illərdə Gəncə şəhərində aparılan abadlıq-quruculuq istiqamətində görülən işlərin şəhər sakinləri tərəfindən rəğbətlə qarşılandığını vurğulayan Elmar Vəliyev deyib ki, su kanalizasiya layihəsi ilə əhalinin kommunal sahədə mövcud olan problemi müsbət həllini tapır. Sahibkarlar tərəfindən şəhərdə yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksəkmərtəbəli binaların tikintisinin davam etdirildiyini qeyd edən İcra başçısı əlavə edib ki, əhalinin sağlamlığı, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir avadanlıqlarla təchiz olunması ilə yanaşı məktəbəqədər təhsil müəssisələrinin müasir səviyyədə yenidənqurulması, yenilərinin inşası prioritet məsələlərdən biri olmaqla daim diqqət mərkəzində saxlanır.

Şəhərin Heydər Əliyev və Atatürk prospektlərində mərkəzi hissəni əhatə edən yollar daş üzlüklərlə əvəzləndiyini bildirən Elmar Vəliyev həmçinin yağış sularının axıdılması üçün drenaj sisteminin quraşdırıldığını da bildirib. Prezident İlham Əliyevin Gəncə və gəncəlilərə olan diqqət və qayğısı sayəsində şəhərdə ümumilikdə abadlıq-quruculuq işlərinin ardıcıl olaraq davam edəcəyini vurğulayan şəhər rəhbəri Gəncə Dövlət Filarmoniyası, “Grand Qafqaz” bazar kompleksi və şəhərin mərkəzi hissəsində olan küçələrdə aparılan tikinti və kosmetik işlərin yekunlaşmaq üzrə olduğunu da tədbir iştirakçılarının nəzərinə çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top