Kardioloq: “Xəstənin qanında mikrob var deyən həkimin savadında mikrob var”

Kardioloq Günay Rəhimova xüsusi olaraq “Yeniavaz.com” üçün yazıb.

  • Sizin uşağınızda kəllədaxili təzyiq var - kəllədaxili təzyiq deyilən bir diaqnoz yoxdur. Yox olan şeyin təbii ki müalicəsi də yoxdur.

  • Uşağınızda timus var - əlbəttə ki, var. Bu bir orqandır, olmaldır, bunu olduğuna görə müalicə etməyə dəyərmi?

  • Oksigen çatmazlığı var - necə və hansı müayinə ilə təyin edildi bu? Belə bir diaqnoza görə nə müalicələr olunur? Damarlara bol və təmiz hava vururlursa bu başqa məsələ - Qapaqlarınızıdakı qalınlığa müalicə lazımdır - Qapaq qalınlığı cüzi dərəcədə ümumiyyətlə müalicə tələb etdirmir, ciddi dərəcədədirsə bunun müalicəsi ancaq cərrahidir. Qapaqlar dəyişdirilməlidir. Prolaps diaqnozu exokardioqrafiya olunan insanların 10-dan 9-na qoyulan diaqnozdur. Və hər kəs də bundan müalicə aldığını deyir. Prolapsın dərman müalicəsi yoxdur.

  • Ürəyinizi qidalandırmağa sistem vurulmalıdır - ürəyi qaidalandıran sistem deyilən bir şey yoxdur. Ümumiyyətlə ürək qidalanması anlayışı yanlışdır. Ürəyin üzərindən 3 əsas damar keçir. Bu damarlar bağlı deyilsə ürək normal şəkildə qidalanır. İnsan ifrarkt keçirib və damarlar bağlanıbsa bunun müalicəsi sistem müalicəsi deyildir!

  • Təzyiqinizə görə başa gedən damarları açmaq lazımdır - başa gedən damarlarda sıxıntı ya tutqunluq həmişə təzyiq qalxmasına gətirib çıxarmır və bu problemin müayinəsi və müalicəsi çox peşəkar həkim tərəfindən aparılmalıdır.

  • Bədəndə duzlaşma var - belə bir diaqnoz yoxdur. Osteoxondroz fəqərə sütunu xəstəliyidir və bunun yediyiniz duzla heç bir əlaqəsi yoxdur.

  • Aspirini həftədə bir dəfə içsəniz yetər - Aspirin infarkt və insultdan qorunmada ən effektiv dərmanlardan biridir. Avropada 40 yaşın üstündə ürək xəstəliyi olmasa belə tövsiyyələrə girən dərmandır və bu dərmanı həftədə bir dəfə içməklə digər günlərdə baş verəcək fəsadlardan qorunmursunuz.

  • Qanınızda laxtalanma var - laxtalanmanın yoxlanılması, “laxtalanma azdırsa infarktın baş verəcəyi, çoxdursa qanamaya meyllik və ya tərsinə” - çox zaman xəstələrdən eşitdiyimiz uydurmalardır. Laxtalanmanın infarktla heç bir əlaqəsi yoxdur və inkişaf etmiş ölkələrdə laxtalanma deyilən bir analiz anlayışı yoxdur.

  • Şəkər xəstəliyinə görə ildə iki dəfə sistem müalicə lazımdır - şəkər xəstəliyində müalicə sadəcə şəkəri düzgün normada saxlanılmağa yönəlib. Sistem müalicə, damarları bərkitmək və s. kimi müalicə üsulları əksinə şəkərinizi artıra bilər.

  • Qurdunuzu aparatla təyin edirik - qurd invaziyaların nə qanla, nə də aparatla müayinəsi yoxdur. Bunu deyən həkimin tibbi savadı yoxdur.

  • Bir aparatla bütün xəstəliklərinizə diaqnoz qoyuruq - belə bir aparat yoxdur. Varsa da sadəcə sizin pullarınızı çəkmək üçün icad olunub.

  • Qanınızı yuyuruq - qan yuma deyə müalicə üsulu yoxdur. Plazmafarez kimi bir müalicə üsulu isə çox ciddi göstərişlə və bir sıra ağır xəstəliklərdə aparılır.

  • Qanınızda mikrob var - qanda mikrobu hansı üsulla və hansı gözlə görürlər deyə bilmərik amma bunu deyən həkimin savadında mikrob var.

  • Hamilələrdə tonus var - hamilələrdə tonus uydurulma diaqnozdur.

  • Böyrəklərinizdə duzlaşma var - bütün USM müayinələrində yazılan və hətta uşaqlara da qoyulan diaqnozdur. Əksəriyyət hallarda uydurma xarakterlidir.

Bu siyahını uzatmaq olar ancaq bizim istəyimiz komputer texnologiyalarının bu qədər inkişaf etdiyi, kosmosa uçmanın mümkün olduğu bir zəmanədə xalqımızın aldanmamasıdır. Bol kitab oxumaq, yenilikləri izləmək, internetlə özünə xəstəlik və müalicə axtarmamaq, sağlam qidalanmaq və idmanla məşğul olmaq sizləri bu neqativ hallardan uzaq tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top